Ermənistanda həbs olunan rusiyalı iş adamı Samvel Karapetyanın tərəfdarlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat keçirilib.
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə vəkillər Lusine Martirosyan və Tiqran Ayrapetyan məlumat veriblər.
Martirosyanın sözlərinə görə, 4 iyul tarixində Karapetyanın müdafiəsinə həsr olunmuş aksiyada iştirakda şübhəli bilinən bir sıra şəxslərin mənzillərində, o cümlədən Karapetyanın sahibi olduğu "Ermənistanın Elektrik Şəbəkələri" QSC-nin əməkdaşlarının evlərində axtarış aparılıb. Axtarışlardan dərhal sonra şübhəlilər istintaqa aparılıblar. Vəkil azı 10 nəfərin saxlandığını bildirib. Həbslər təkcə İrəvanda deyil, ölkənin müxtəlif regionlarında da həyata keçirilib.
Vəkil Tiqran Ayrapetyan isə jurnalistlərə bildirib ki, "Ermənistanın Elektrik Şəbəkələri" QSC-nin üç əməkdaşı saxlanılıb. Onlardan biri - şirkətin Musaler filialının baş mühəndisi Ara Avaqyandır. O, İrəvanın "Zeytun" istintaq bölməsinə aparılıb. Vəkilin sözlərinə görə, saxlanılan şəxslərə insanları icbari şəkildə mitinqə cəlb etmə maddəsi üzrə ittiham irəli sürülüb.
Ermənistan hüquq-mühafizə orqanları Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanı saxlayaraq istintaqa cəlb ediblər.
Oxu.Az bu barədə Ermənistan KİV-ə istinadən məlumat verib.
Narek Karapetyanın istintaq şöbəsinə aparıldığını təsdiq edən görüntülər də yayılıb.
Ermənistanın hüquq-mühafizə orqanları hazırda həbsdə olan Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin baş ofisinə daxil olublar.
Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə şirkətin mətbuat katibi Natalya Sarcanyan məlumat verib.
"Səhər tezdən burada axtarış aparılır. Bizi binaya buraxmırlar", - deyə o bildirib.
Eyni zamanda, hüquq-mühafizə orqanları səhər saatlarında "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin Direktorlar Şurasının sədri Narek Karapetyanın evinə daxil olublar.
Qeyd edək ki, Narek Karapetyan həbs olunmuş rusiyalı iş adamı Samvel Karapetyanın qardaşı oğludur. Daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdiriləcəyini qeyd etmişdi.