Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş vermiş partlayış nəticəsində ölən azərbaycanlı Dilbər Əliyeva Azərbaycan vətəndaşı deyil.
Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov deyib.
S.Qasımov bildirib: “Dilbər Əliyeva Rusiya vətəndaşı olub, Rusiyada yaşayır və təhsil alırdı”.
11:55
Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində ölənlər arasında azərbaycanlı Dilbarə Əliyeva da olub.
Oxu.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, 20 yaşlı Dilbarənin rəfiqəsi Rusiya KİV-nə danışıb.
O bildirib ki, Dilbarənin ən böyük arzusu idman psixoloqu olmaq idi.
Onu da əlavə edək ki, terror qurbanı olan həmyerlimiz ailənin yeganə qız övladı olub, onun bir qardaşı var.
Qeyd edilir ki, Dilbarə çox saylı xəsarətlərlə xəstəxanaya yerləşdirilib, lakin aprelin 4-də dünyasını dəyişib. Həkimlər onun xəstəxanaya çox ağır vəziyyətdə çatdırıldığını bildiriblər.
10:36
“Sankt-Peterburqda metroda törədilən terror aktı nəticəsində bir azərbaycanlının öldüyü dəqiqləşib. Onun Azərbaycan vətəndaşı olub-olmadığı araşdırılır”.
Oxu.Az xəbər verir ki, bunu APA-nın Rusiya bürosuna Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Soltan Qasımov bildirib.
Onun sözlərinə görə, həlak olan həmyerlimiz Dilbarə Əliyeva dünən yaralı halda İ. Canelidze adına Elmi Tədqiqat İnstitutunun təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb:
“Hazırda konsulluğumuzun əməkdaşları da ordadır”.
09:35
Sosial şəbəkələrdə Sankt-Peterburq metrosunda törədilən terror aktı nəticəsində daha bir ölən haqqında informasiya yayılıb. Gecə saatlarında xəstəxanada aldığı ağır travmalardan gənc azərbaycanlı qız Dilbarə Əliyeva dünyasını dəyişib.
Oxu.Az Life.ru-ya istinadən xəbər verir ki, 21 yaşlı Dilbarə Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.
Məlumat yoxlanılır.
Qeyd edək Sankt-Peterburq metrosunda baş verən partlayışda 11 nəfər ölüb, 45 nəfər yaralı isə xəstəxanaya yerləşdirilib.
Terror aktı nəticəsində yaralananlardan daha bir nəfər azərbaycanlı da var.
N.О.
www.oxu.az