Əgər ABŞ İrana qarşı nüvə silahından istifadəyə cəhd edərsə, Birləşmiş Ştatların bütün dünyadakı hərbi bazaları ələ keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanının müşaviri, briqada generalı Məhəmməd Rza Nəqdi bildirib.
"Nüvə silahının tətbiqi onlar üçün səhvə çevrilə bilər. Bombanın istifadəsindən sonrakı səhər bütün dünyadakı ABŞ hərbi bazaları ələ keçiriləcək. Hazırda vəziyyət İkinci Dünya müharibəsi dövründəkindən fərqlidir. Dünya xalqları oyanıb. Dünyada heç kim belə bir cinayətin törədilməsinə imkan verməyəcək, çünki növbəti dəfə bu onların özünə də təsir edə bilər", - deyə o, ABŞ-nin PBS telekanalına müsahibəsində qeyd edib.
General ABŞ bazalarının birbaşa İran hərbçiləri tərəfindən, yoxsa başqa qüvvələrin dəstəyi ilə tutulacağına aydınlıq gətirməyib.
İranda nüvə silahının yaradılması ehtimalı məsələsinə toxunan SEPAH nümayəndəsi vurğulayıb ki, "İslam İnqilabının islami və ilahi dəyərləri dünyanı fəth etdiyi üçün" respublikanın "nüvə bombalarına ehtiyacı yoxdur".