Argentinada rəsmi səfərdə olan Ermənistan prezidenti Argentina nəşri La Nacion-a müsahibə verib.
Qeyd edək ki, Argentina prezidenti Kristina Kirşner Serj Sarkisyanla görüşməkdən imtina etsə də, o gələn il “erməni soyqrımı”nın yüz illiyinə həsr edilmiş tədbirlərdə iştirak üçün ona dəvətnamə verib.
Oxu.Az həmin müsahibəni ixtisarla oxucularına təqdim edir:
- Cənab prezident, tədbirlərə Türkiyənin gələcək prezidenti dəvət edilibmi? Bunun üçün lazımi şərait varmı?
- Yəqin ki, öncəliklə, Türkiyənin növbəti prezidentinin kim olacağını bilmək pis olmazdı.
- Prezident seçkilərində ən çox qələbə qazanmaq üçün şans cari baş nazir Rəcəb Tayyib Ərdoğandadır.
- Bəlkə də. Amma gəlin tələsməyək və seçkilərin nəticələrini gözləyək.
- Ərdoğan dəfələrlə bəyan edib ki, Türkiyə soyqırımı tanımaqdan imtina edir. Ərdoğanın belə sərt mövqeyi onun dəvət olunmamasına gətirib çıxara bilərmi?
- Türkiyə arxivləri açıb erməni soyqırımını təsdiqləyən faktları təqdim etməyimizi tələb edir. Biz türk prezidentini dəvət etmək istərdik, qoy o öz gözləri ilə ermənilərin soyqırımına həsr edilmiş tədbirə yığılacaq yüz minlərlə insanı görsün. Bəlkə o bunu gördükdən sonra sübut tələb edilməyəcək.
- Belə bir fikir yaranıb ki, hal-hazırda Türkiyədə türk milliyyətçiliyinin dirçəlməsi gedir, bu əsasən prezident seçkiləri qabağı kampaniyalarda özünü biruzə verir. Bu vəziyyət onsuz da mürəkkəb olan Türkiyə-Ermənistan münasibətlərini bir qədər də mürəkkəbləşdirə bilərmi?
- Xatırlatmaq istərdim ki, Türkiyə ilə diplomatik əlaqələrimiz yoxdur. Əgər bu münasibətlər yoxdursa, onları necə mürəkkəbləşdirmək olar?
- Yaxşı, onda sualı başqa cür formalaşdırmağa çalışım: Azərbaycan Türkiyənin strateji partnyorudur, və Ankara Dağlıq Qarabağ məsələsində sözsüz Bakının mövqeyini dəstəkləyir…
- Amma bizim Ermənistan və Türkiyə sərhəddində heç bir gərgin vəziyyət yoxdur, ən azından siyasi gərginlik yoxdur. Azərbaycan və Ermənistan münasibətlərində bəli, var. Gərginlik mövcuddur, amma bu gərginlik Azərbaycandan qaynaqlanır. Minsk qrupunun ölkələri – Rusiya, Fransa və ABŞ – Dağlıq Qarabağ ətrafında münaqişəni üç prinsip: gücün və güc təhlükəsinin tətbiq edilməməsi, ərazi bütövlüyü, xalqın öz müqəddəratını həll etmə əsasında nizamlamağa çalışır.
- Bəli, amma keçən ilin sentyabrında Azərbaycan prezidenti Ermənistan Qarabağı qaytarmazsa İrəvanı zəbt edəcəyi ilə hədələyirdi. İndi vəziyyət sülhə ya hərbə doğru dəyişir?
- Biz hərbi hərəkatın başlanmasını istisna etmirik. Amma düşünürəm ki, Azərbaycan belə hərəkat üçün imkanlara malik deyil. Onlar həqiqətən hərbi texnikanın əldə edilməsinə çox pul sərf edirlər, amma bu qələbəyə zəmanət deyil.
- Rusiyanın başçılıq etdiyi Gömrük İttifaqına Ermənistanın səylə daxil olması Ermənistanın mümkün aqressiyadan mühafizə üçün güclü müttəfiq axtarması ilə şərtlənirmi?
- Rusiya ilə əməkdaşlığımızı möhkəmləndirməyimiz yenilik deyil. İyirmi il bundan öncə biz Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatına (KTMT) daxil olduq, və bu illər ərzində Rusiya ilə onlarla əməkdaşlıq sazişi bağlamışıq.
- Bəli, amma son zamanlar Rusiya Azərbaycana 2 milyard məbləğində silah satıb…
- Bu, bizim üçün ağrılı mövzudur və bizim xalq strateji partnyorumuzun Azərbaycana silah satmasından çox narahatdır. Amma əminəm ki, Ermənistanın öz sərhədlərini qorumağa qüvvəsi və ağlı çatacaq. Rusiyanın Bakıya silah satmasına baxmayaraq əminəm ki, bizim üçün çətin anda Rusiya üzərinə götürdüyü öhdəçilikləri yerinə yetirəcək.