Arıqlama preparatları sayəsində sərnişinlərin orta çəkisinin 10% azalması ABŞ-nin dörd ən böyük aviaşirkətinə ildə 580 milyon dollaradək qənaət etməyə imkan verə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Analitiklərin hesablamalarına görə, "Boeing 737 MAX 8" təyyarəsindəki 178 sərnişinin orta çəkisinin 10% azalması uçuşun ümumi kütləsini 2% azalda bilər. Bu isə yanacaq sərfiyyatının və müvafiq olaraq yanacaq xərclərinin azalmasına səbəb ola bilər.
Arıqlamağa kömək edən preparatların populyarlaşması, xüsusilə yanacağın baha olduğu bir vaxtda, aviaşirkətlər üçün əlavə qənaət imkanı yaradır. Təyyarənin çəkisinin azalması nəticəsində yaranan əlavə yükdaşıma imkanlarından kommersiya yüklərinin daşınması üçün istifadə etmək mümkün olacaq.
Bununla yanaşı, həmin preparatları qəbul edən sərnişinlərin uçuş zamanı daha az qəlyanaltı və qazlı içki alması aviaşirkətlərin gəlirlərinə mənfi təsir göstərə bilər.
Hazırda aviaşirkətlər təyyarələrin çəkisini azaltmaq üçün müxtəlif tədbirlər görürlər. Məsələn, salatlardan zeytunları çıxarır, daha yüngül qablardan istifadə edir və içki arabalarının çəkisini azaldırlar.
"United Airlines" şirkəti isə bort jurnalını daha nazik kağızda çap etməyə başlayıb. Bu dəyişiklik nəticəsində şirkətin illik yanacaq qənaətinin təxminən 300 min dollar olduğu bildirilir.