Səudiyyə Ərəbistanının Mədinə bölgəsində "Cəbəl-Sayid" layihəsi çərçivəsində aparılan geoloji kəşfiyyat işləri zamanı uran konsentrasiyası baxımından perspektivli olduğu bildirilən təxminən 110 milyon ton filiz yatağı aşkar edilib.
Oxu.Az "The National News" nəşrinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş konfransında açıqlama verib.
Aşkar edilmiş filizdə uranla yanaşı, xüsusilə ağır nadir torpaq elementlərinin də yüksək konsentrasiyası müəyyən edilib. Nazirin sözlərinə görə, yeni yataq dünyada nadir torpaq resurslarının işlənməsi üzrə ən mühüm layihələrdən birinə çevrilə bilər.
Bununla belə, söhbət ümumi filiz həcmindən gedir. Uranın dəqiq miqdarı və iqtisadi baxımdan çıxarılması mümkün olan resursların həcmi hələlik açıqlanmayıb.
Kəşf Səudiyyə Ərəbistanı ilə ABŞ arasında dinc nüvə enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi fonunda baş verib. İyul ayında tərəflər nüvə energetikası sahəsində uzunmüddətli tərəfdaşlığı nəzərdə tutan mülki nüvə əməkdaşlığı haqqında saziş imzalayıblar.