Somada baş vermiş faciə çərçivəsində ötən gün saxlanılan “Soma Mədənçilik” ASC idarə heyətinin sədri Can Gürkan və şirkətin direktoru Ramazan Doğru həbs olunub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu iki nəfərlə birlikdə həbs olunanların sayı 8 olub.
Qeyd edək ki, mayın 13-də “Soma Mədənçilik” ASC-yə aid kömür mədənində partlayış baş verib, faciə nəticəsində 301 nəfər ölüb, 486 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faciədən sonra faktla bağlı istintaq başladılıb, Türkiyə Cinayət Məcəlləsinin 85/2 maddəsi – birdən çox insanın ölümünə səbəb olmaq ittihamı ilə cinayət işi açılıb. Bu çərçivədə saxlanılan 26 nəfərdən 8 nəfəri barədə artıq məhkəmə həbs qərarı verib.
Həbs olunanlar, “Soma Mədənçilik” ASC idarə heyətinin sədri Can Gürkan, şirkətin direktoru Ramazan Doğru, müəssisənin müdiri Akın Çelik, mühəndislər Yalçın Erdoğan, Ertan Ersoy, mədənin növbə rəisləri Yasin Kurnaz, Hilmi Kazık və Mehmet Əli Günay Çelikdir.
Qeyd edək ki, Can Gürkan mədənin sahibi Alp Gürkanın oğludur.