Şri-Lankada sərxoş taksi sürücüsünün idarəetməni itirərək avtomobili insanların kütləvi toplaşdığı əraziyə sürməsi nəticəsində altı nəfər həlak olub, yeddi nəfər isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Şri-Lankanın "Daily Mirror" qəzeti məlumat yayıb.
Hadisə paytaxt Kolombodan 30 kilometr uzaqlıqda yerləşən Meeqoda yaşayış məntəqəsində baş verib. Sərxoş sürücünün idarə etdiyi taksi əks hərəkət zolağına çıxaraq, buddistlərin bayram tədbiri çərçivəsində təşkil olunan pulsuz yemək paylanması növbəsində dayanan insan kütləsinə çırpılıb.
Qəza nəticəsində ümumilikdə 13 nəfər ağır xəsarət alıb. Onlardan üçü kişi və üçü qadın (o cümlədən 15 yaşlı bir qız) olmaqla altı nəfər xəstəxanaya çatdırılmadan, aldıqları ağır xəsarətlərdən yolda dünyasını dəyişib.
Polis əməkdaşları hadisə yerindən qaçmağa çalışan 42 yaşlı sürücünü yaxalayaraq həbs ediblər. Araşdırmalar zamanı onun sükan arxasında spirtli içkinin təsiri altında olduğu tam təsdiqlənib.
