Şri-Lanka hökuməti ağcaqanadlar vasitəsilə yayılan və son on ilin ən kəskin denge qızdırması epidemiyası ilə mübarizə aparmaq üçün Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus pilotsuz uçuş aparatlarını cəlb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
PUA-lar yağışlardan sonra damlarda yaranan durğun su gölməçələrini aşkar etmək, ərazilərə nəzarət etmək və xəstələrin izlənilməsi məqsədilə tətbiq olunur. Eyni zamanda, xəstəliyin qarşısını almaq üçün hərbçilər və polis əməkdaşları da səfərbər ediliblər. Onlar ağcaqanadların çoxalma ocaqlarının məhv edilməsi kampaniyası çərçivəsində evlərdə, tikinti sahələrində və məktəblərdə yoxlamalar aparırlar.
Denge qızdırması "Aedes" cinsinə aid yoluxmuş ağcaqanadlardan keçən kəskin virus xəstəliyidir. Adətən ciddi fəsadlar olmadan keçsə də, bəzi hallarda xəstəliyin ağır forması - qarında kəskin ağrılar, qanaxmalar (o cümlədən daxili) və qan dövranının pozulması müşahidə edilə bilər.
Ölkədə yanvar ayından bəri 76 min yoluxma və 53 ölüm halı qeydə alınıb. Məsləhətçi Lalindra Dias agentliyə müsahibəsində bildirib ki, pasiyentlərin sayının sürətlə artması həkimlər üçün vəziyyəti xeyli çətinləşdirir.
Adadakı xəstəxanalarda təcili olaraq əlavə çarpayılar quraşdırılır və palatalar xəstələrə qulluq üçün yenidən təchiz olunur. İyulun ilk iki həftəsində tibb müəssisələrinə 18 mindən çox insan müraciət etdiyindən həkimlərin və tibb bacılarının iş saatları da artırılıb.
Ölkədə ştamın güclənməsi noyabrın sonlarında Şri-Lankanın mühüm infrastrukturunu və tibb müəssisələrini dağıdaraq ümumilikdə 1,4 milyard dollar ziyan vuran dağıdıcı Ditva siklonundan sonra baş verir.