Böyük Britaniyanın Baş naziri Kir Starmer bazar günü ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb. Tərəflər Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisi məlumat yayıb.
Bildirilib ki, Trampın Rusiya Prezidenti Vladimir Putinlə 19 may tarixinə planlaşdırılan telefon danışığından əvvəl Qərb liderləri atəşkəsin qeyd-şərtsiz təmin olunmasının vacibliyini müzakirə ediblər və Moskvanı sülh danışıqlarını ciddi qəbul etməyə çağırıblar.
Qərb liderləri, eyni zamanda, Rusiyanın atəşkəs və sülh danışıqlarına ciddi yanaşmaması halında yeni sanksiyaların tətbiqinə hazır olduqlarını bəyan ediblər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında mayın 19-da saat 10:00-da (Bakı vaxtı ilə 18:00) Vladimir Putinlə danışacağını açıqlayıb. Tramp bildirib ki, söhbətin əsas mövzuları Ukraynadakı vəziyyət və ticarət olacaq. ABŞ prezidenti əlavə edib ki, Putinlə danışıqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və NATO ölkələrinin liderləri ilə də təmasda olacaq.
Xatırladaq ki, Tramp və Putinin sonuncu telefon danışığı 18 martda baş tutmuşdu.