Sudanın Əl-Cəzirə əyalətində yerləşən böyük Umm-Aleyla neft məhsulları anbarı dron hücumuna məruz qalıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sudan Tribune" məlumat yayıb.
Məlumata görə, hücumu "Çevik Dəstək Qüvvələri" (ÇDQ) üsyançı hərəkatına məxsus pilotsuz uçuş aparatları həyata keçirib. Obyekt Vad-Mədani şəhərindən təxminən 20 kilometr məsafədə yerləşir.
Partlayışlardan sonra neft anbarının ərazisində yanğın baş verib və alov neft məhsulları olan bir neçə çəni əhatə edib. Ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur.
Sudan Silahlı Qüvvələri hücumda iştirak edən dronlardan birinin hava hücumundan müdafiə vasitələri ilə vurulduğunu bildirib. Digər dronlar isə neft anbarının yerləşdiyi əraziyə çatıb.
Umm-Aleyla Sudanın mərkəzi hissəsində neft məhsullarının əsas anbarlarından biri hesab olunur. Obyektdən Əl-Cəzirə əyalətinin və qonşu rayonların benzin və dizel yanacağı ilə təmin olunması üçün istifadə edilir.