Sudanın şimalında aparılan arxeoloji qazıntılar zamanı orta əsrlərə aid nəhəng kilsənin ilkin döşəməsi aşkar edilib. Alimlər tikilinin ölçülərinin ABŞ-dəki Ağ Evin ölçülərindən böyük olduğunu bildirirlər.
Oxu.Az "Associated Press"ə istinadən xəbər verir ki, Polşa-Sudan arxeoloji ekspedisiyası Köhnə Donqola şəhərində İsa Məsihin Böyük Kilsəsi kimi tanınan tikilidə tədqiqat aparır.
Qazıntılar zamanı hündürlüyü 11 metrə çatan divarlarla əhatələnmiş pilləkən aşkarlanıb. Arxeoloqlar kilsənin təxminən 47 metr enində və 57 metr uzunluğunda olduğunu ehtimal edirlər.
İlk dəfə 2021-ci ildə yeri müəyyən edilən abidənin böyük hissəsi hələ də torpaq altında qalıb. Tədqiqatçılar onun orta əsrlər Nubiyasının ən böyük kilsələrindən biri ola biləcəyini bildirirlər.
Ekspedisiyanın rəhbəri Artur Obluski tikilinin vaxtilə Makuriya krallığının ən mühüm dini mərkəzlərindən biri olduğunu qeyd edib. Alimlər qazıntıların regionun memarlıq tarixini daha yaxşı anlamağa kömək edəcəyini düşünürlər.