ABŞ Prezidenti Donald Tramp ötən il ona qarşı törədilmiş sui-qəsddən sonra həkimdən beynin kompüter tomoqrafiyası (KT) üzrə görüntüsünü tələb edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" tərəfindən dərc olunan "2024: Tramp Ağ Evə necə qayıtdı, demokratlar isə Amerikadan necə əl çəkdilər" adlı kitabda qeyd olunub.
Bildirilir ki, hadisədən sonra Donald Tramp həkimdən KT müayinəsindən keçmək istədiyini bildirib. Həkim bunun səbəbini soruşduqda Tramp cavab verib ki, bu ona "lazımdır". Müayinədən sonra o, beyin görüntüsünün şəklini almaq istəyib. Həkim izah edib ki, indi belə etmirlər və bunun əvəzinə yazılı hesabat təqdim olunacağını deyib. Lakin Tramp israrla görüntünün özünə verilməsini istəyib.
"Bu sanki IQ testinə bənzəyir... Sizə deyirlər ki, beyniniz yaxşı vəziyyətdədir, mən də sadəcə, bu görüntüyə sahib olmaq istəyirəm", - deyə Tramp sonradan köməkçilərindən birinin sualına cavab olaraq bildirib.
Xatırladaq ki, 2024-cü il iyulun 13-də Donald Trampa qarşı Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçki mitinqində sui-qəsdə cəhd edilib. Respublikaçı namizəd qulağından yüngül yaralanıb. Atəş açan şəxs - 20 yaşlı amerikalı Tomas Metyu Kruks hadisə yerində ABŞ-nin Məxfi Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilib.