ABŞ Prezidenti Donald Trampa qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən 48 yaşlı Pakistan vətəndaşı Asif Merçanta 27.5 il həbs cəzası verilib.
Oxu.Az xəbər verir ki, bu məlumatı ABŞ Ədliyyə Nazirliyi yayıb.
Nazirliyin məlumatına əsasən, təqsirləndirilən şəxs İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulduğunu və onların adından hərəkət etdiyini etiraf edib. Onun sözlərinə görə, əsas hədəf həmin vaxt ABŞ prezidentliyinə namizəd Donald Tramp, digər hədəflər isə o dövrdə ölkə rəhbəri vəzifəsini icra edən Co Bayden və ABŞ-nin BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli olublar.
Məlumata görə, Merçant 2024-cü ildə ABŞ-yə gələrək dərhal sui-qəsdin təşkilinə kömək edəcək tanışı ilə əlaqə yaradıb. Lakin həmin şəxs Merçantın planları barədə Federal Təhqiqatlar Bürosuna (FTB) məlumat verərək Amerika tərəfi ilə məlumatlandırıcı qismində əməkdaşlığa başlayıb. Bu tanışının vasitəsilə Merçant FTB-nin gizli fəaliyyət göstərən əməkdaşları olan saxta muzdlu qatillərlə əlaqə qurub. O, 2026-cı ildə onlara sifarişin icrası üçün beh verib və qısa müddət sonra saxlanılıb.