İnterpol süni intellektdən (Sİ) istifadə etməklə 126 terrorçunun şəxsiyyətini müəyyən edib.
Oxu.Az təşkilatın yaydığı press-relizə istinadən xəbər verir ki, nəticə terror şəbəkələri ilə mübarizə məqsədilə keçirilən "Shams II" əməliyyatı çərçivəsində əldə olunub.
Qeyd olunur ki, əməliyyat iyunun 1-dən 5-dək İnterpolun rəhbərliyi ilə keçirilib və 11 ölkədən mütəxəssisləri bir araya gətirib. Ekspertlər terrorçular tərəfindən yayılan 108 mindən çox görüntünü təhlil ediblər.
Xüsusi hazırlanmış süni intellekt agentləri və skriptlər dublikatları silməyə və görüntülərin keyfiyyətini yaxşılaşdırmağa imkan verib. Nəticədə məlumatların həcmi 6 300 yüksəkkeyfiyyətli görüntüyə qədər azaldılıb və onlar İnterpolun üztanıma sisteminə inteqrasiya üçün hazır vəziyyətə gətirilib.