Türkiyə hüquq-mühafizə orqanlarının İnterpol və Çexiya rəsmiləri ilə birgə apardığı beynəlxalq əməliyyat nəticəsində rəhbərliyində Azərbaycan vətəndaşının da olduğu 40 milyon avroluq dələduzluq şəbəkəsi çökdürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sabah" qəzeti məlumat yayıb.
Qırmızı bülletenlə axtarışda olan ukraynalı Mixail Soçkanın, onun köməkçisi Amina Eldarova və Azərbaycan vətəndaşı Kamil Rəhimovun rəhbərlik etdiyi cinayətkar şəbəkənin qanunsuz fəaliyyətlərini Türkiyəyə yönəldərək İstanbulda baza yaratdıqları aşkarlanıb. Onların Meksikada olduğu ehtimal edilən narkokartel lideri Yeqor Burkin ilə əlaqəli şəkildə 4 fərqli ölkədə çalışdıqları müəyyən edilib.
Türkiyədə lüks ofisdə qurulan 5 yaşıl ekran (green screen) otağı və "deepfake" texnologiyası vasitəsilə özlərini xarici polis və bank işçisi kimi təqdim edən şübhəlilərin "Hesabınız təhlükədədir" yalanı ilə topladıqları vəsaitləri kriptovalyutaya çevirdikləri məlum olub.
Şəbəkənin rəhbəri Soçkanın min üzvə malik beynəlxalq narkotik karteli olan "Chimprom"un rəhbəri Burkin ilə birbaşa əlaqədə olduğu, Ukraynadakı maliyyə hərəkətlərini gizlətmək məqsədilə "Victorious Future" adı altında saxta xeyriyyə fondu qurduğu ifşa edilib. Burkinin hazırda Meksikada olduğu və həm Ukrayna, həm də Türkiyədə qırmızı bülletenlə axtarıldığı bildirilib.
Qruplaşmanın kommersiya infrastrukturunu gizlətmək üçün Belarus vətəndaşı Aleksandr Nikitsinin adına "AG Consulting Danışmanlık Limited" Şirkəti qeydiyyata alınıb. Türkiyədə aylıq 450 min lirə qarşılığında kirayəyə götürdükləri hazır ofis üzərindən əməliyyatları idarə edən qurumun Türkiyə və Ukrayna ilə yanaşı, Dominikan Respublikası, Meksika, Ukraynada eyni vaxtda çağrı mərkəzlərini idarə etdiyi müəyyənləşdirilib.
Çağrı mərkəzində çalışan şübhəlilərin süni intellektə əsaslanan üz dəyişdirmə (deepfake) proqramları, peşəkar kameralar və 5 xüsusi yaşıl ekran (green screen) otağının köməyi ilə özlərini Rumıniya Mərkəzi Bankı, Çexiya Milli Bankı və ya Çexiya Polis İdarəsinin əməkdaşları kimi təqdim etdikləri aydın olub.
İnandırıcılığı artırmaq məqsədilə yüksək keyfiyyətlə çap olunmuş saxta polis və bankir vəsiqələrindən, həmçinin Malta Mərkəzi Bankının loqotipi olan korporativ köynəklərdən istifadə edilib.
Əvvəlcədən hazırlanmış psixoloji inandırma ssenarilərini tətbiq edən dəstə üzvləri qurbanlara "WhatsApp" üzərindən saxta axtarış qərarları və bildirişlər göndərərək "Hesablarınız təhlükədədir", "Adınıza saxta kredit götürülüb" yalanları ilə təzyiq göstəriblər.
Qruplaşmanın işçiləri üzərində mütləq bir qorxu imperiyası qurduğu da bəlli olub. İşdən çıxmaq istəyən personalın 6 min ABŞ dolları cərimə ödəməklə hədələndiyi, ofisdə silahlı mühafizəçilərin növbətçilik etdiyi və işçiləri qorxutmaq məqsədilə döyülmüş bir rəhbərin kadrlarının nümayiş etdirildiyi müəyyən olunub.
Əməliyyat zamanı aralarında 22 Rumıniya, 18 Moldova, 6 Çexiya, 4 Ukrayna, 3 Slovakiya, eləcə də Türkiyə, Azərbaycan və Rusiya vətəndaşlarının da olduğu ümumilikdə 56 şübhəli saxlanılıb.