Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Dərvaz rayonu ilə həmsərhəd olan Əfqanıstan ərazisindəki silahlı toqquşmalar zamanı yerli sakinin həlak olması ilə əlaqədar Düşənbə Kabilə rəsmi etirazını bildirib.
Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat İdarəsindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, Bədəxşanda son günlər baş verən silahlı münaqişələr beynəlxalq hüququ pozmaqla yanaşı, Tacikistanın sərhədyanı bölgələrinin təhlükəsizliyi üçün təhdid yaradıb.
"Tacikistanın hava məkanının pozulması, vətəndaşların yaşayış evlərinə ziyan dəyməsi və ən əsası Dərvaz rayonunda dinc sakinin həyatını itirməsi səbəbindən Əfqanıstan tərəfinə etiraz notası göndərilib. XİN vurğulayıb ki, kəskin etirazla yanaşı, Tacikistan Əfqanıstan tərəfindən məsələyə ciddi yanaşmağı, dövlət sərhədinin toxunulmazlığına riayət etməyi və gələcəkdə belə halların təkrarlanmaması üçün təsirli tədbirlər görməyi tələb edir.
Qeyd edək ki, Tacikistanın Dərvaz və digər rayonları ilə qonşu olan Əfqanıstanın Bədəxşan əyalətində son vaxtlar "Taliban"la ona qarşı çıxan qüvvələr arasında silahlı toqquşmalar intensivləşib. Yerli mətbuatın yazdığına görə, avqustun 13-də Pənc çayının Əfqanıstan sahilindən açılan atəş nəticəsində Dərvaz rayonunun Dəştək kənd sakini həlak olub.