Şəhərdən kənara istirahətə yollanmazdan əvvəl miqrendən (başın bir hissəsində tutmalar şəklində təkrarlanan, ürəkbulanma, qusma, işığa və səsə həssaslıqla müşayiət olunan xroniki nevroloji xəstəlik) əziyyət çəkən şəxslər əvvəlcədən maqnezium qəbuluna başlamalı, həmçinin ilk yardım çantasını triptan tərkibli burun spreyi, ibuprofen və ürəkbulanmaya qarşı preparatlarla təchiz etməlidirlər.
Oxu.Az xəbər verir ki, bu barədə gazeta.ru-ya rusiyalı həkim-nevroloq Valentina Romanyuk məlumat verib.
Mütəxəssisin sözlərinə görə, kənd sakinləri ilə müqayisədə şəhər əhalisi hava şəraitindəki dəyişikliklərə daha həssas reaksiya verir. Miqrendən əziyyət çəkən şəxslər üçün təbiət qoynuna səyahət xüsusi risk daşıyır. Belə ki, onların beyni atmosfer təzyiqi, rütubət və temperatur dəyişikliklərini daha kəskin hiss edir.
Həkim bildirib ki, miqrendən əziyyət çəkən insanların təxminən 50 faizində orqanizmdə, o cümlədən beyin hüceyrələrində maqneziumun səviyyəsi bu xəstəlikdən əziyyət çəkməyənlərlə müqayisədə daha aşağı olur.
Onun sözlərinə görə, maqnezium sinir sisteminin oyanıqlığını və damarların tonusunu tənzimləməyə kömək edir. Damar spazmları isə əksər hallarda ağrı tutmalarının əsas səbəblərindən biri hesab olunur.
Baş ağrısı riskini azaltmaq məqsədilə həkim əvvəlcədən gündəlik 400 mq dozada maqnezium qəbul etməyi tövsiyə edir. Bu üsul uzunmüddətli perspektivdə miqren tutmalarının başvermə ehtimalını azalda bilər, lakin kəskin ağrının aradan qaldırılması üçün nəzərdə tutulmayıb.
"Həkimlə məsləhətləşdikdən sonra triptan tərkibli preparatların (məsələn, 50 mq sumatriptan burun spreyi) alınması tövsiyə olunur. Bu preparatlar halların təxminən 70 faizində ağrını iki saat ərzində aradan qaldırır. Lakin onlar yalnız resept əsasında verilir və istifadəsi ayda 10 günlə məhdudlaşdırılır", - deyə Romanyuk bildirib.
Yüngül ağrıların aradan qaldırılması üçün mütəxəssis qeyri-steroid iltihabəleyhinə preparatlar - 400 mq ibuprofen və ya naproksen qəbul etməyi məsləhət görür. Simptomatik müalicəyə 10 mq metoklopramid ("Serukal") da daxildir. Bu preparat ürəkbulanma və qusmanın qarşısını effektiv şəkildə alır.
Həkim xatırladıb ki, miqrendən əziyyət çəkən şəxslər üçün ağrı tutmasının ilk 15 dəqiqəsində uzanmaq, baş nahiyəsinə soyuq kompres qoymaq və parlaq işığın təsirini minimuma endirmək olduqca vacibdir.