Avstraliyada ölümcül H5 quş qripindən vəhşi heyvanların ilk kütləvi ölümü Cənubi Avstraliyanın cənub-şərq sahillərindəki adada tapılan kəkilli susüpürənlərdə (qağayı fəsiləsinə aid dəniz quşu cinsi - red.) təsdiqlənib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABC.net.au nəşri məlumat verib.
Məlumata görə, Cənubi Avstraliyanın Jaffa burnundan təxminən 5 kilometr cənubda yerləşən Boden-Roks adasında aerofotoçəkiliş zamanı aşkar edilmiş ölü və xəstə quşlardan götürülən nümunələrin təhlilindən sonra məlum olub.
Hazırda quş qripinə yoluxmanın 78 təsdiqlənmiş halı var ki, bunlardan 58 hal Cənubi Avstraliyada, 10 hal Qərbi Avstraliyada, 7 hal Viktoriyada, 2 hal Yeni Cənubi Uelsdə və 1 hal Kvinslenddə qeydə alınıb.
Ölkənin federal kənd təsərrüfatı naziri Culi Kollinz bəyan edib ki, kütləvi ölümlər gözlənilən idi.
Onun sözlərinə görə, H5 quş qripi vəhşi heyvanlar arasında və ətraf mühitdə yayılmağa başlayan kimi ciddi itkilər qaçılmaz olur:
"Biz indi bunu müşahidə etməyə başlayırıq".
Bununla belə o əlavə edib ki, quşçuluqda və ya kənd təsərrüfatında quş qripinə dair heç bir dəlil yoxdur və insan sağlamlığı üçün risk aşağı olaraq qalır.
Culi Kollinzin sözlərinə görə, quş qripi daha da yayıla bilər və bu zaman əsasən vəhşi heyvanlar zərər görəcəklər.