Leysan xarakterli yağışlarının yaratdığı sel fəlakəti ABŞ-nin Texas ştatında ən azı iki nəfərin həyatına son qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" ştatın qubernatoru Qreq Ebbotta istinadən məlumat yayıb.
Bildirilib ki, qurbanlardan biri Komfort bölgəsində, digəri isə Yuvalde yaxınlığında həlak olub.
Qubernatorun sözlərinə görə, axtarış-xilasetmə qrupları 230-dan artıq əməliyyat həyata keçirərək vətəndaşları evlərindən və suya qərq olmuş maşınlardan xilas ediblər. Yuvaldedə hüquq-mühafizə orqanları Leona çayı ətrafındakı insanlara suyun qəfil artma riski səbəbindən düzənlik ərazilərdən uzaqlaşmağı tövsiyə edib.
ABŞ-nin Milli Meteorologiya Xidməti bildirir ki, həftənin ilk günlərindən etibarən Yuvaldeyə təqribən 22 düym (56 sm civarında) yağış yağıb. Ştatın müəyyən bölgələrində yağıntı miqdarı iki futu (təxminən 61 sm) üstələyib, bəzi ərazilərdə isə yağıntının intensivliyi saatda üç düymə (təqribən 7.6 sm/saat) çatıb.
Qreq Ebbot əlavə edib ki, fəlakətin nəticələrinin ləğvi üçün 2300-ə yaxın xilasedici səfərbər olunub. Fövqəladə hallar qüvvələri 85-dən artıq qayıq, 21 uçuş aparatı və 200-dən çox xüsusi təyinatlı yolsuzluq avtomobili ilə təchiz ediliblər.