Federal Təhlükəsizlik Xidməti Rusiyanın “Koqalımavia” şirkətinə məxsus təyyarənin Misirdə partladılmasına aidiyyatı olan terrorçuları müəyyənləşdirməyə yardım edə biləcək informasiya üçün 50 milyon dollar mükafat vəd edib.
Oxu.Az bu barədə İnterfaks-a istinadən xəbər verir.
“Federal Təhlükəsizlik Xidməti Rusiya və beynəlxalq ictimaiyyətə terrorçuların müəyyənləşdirilməsi üçün müraciət edib. Cinayətkarların saxlanılmasına yardım edəcək məlumat üçün 50 milyon dollar mükafat veriləcək”, - İnterfaks-a çərşənbə axşamı Rusiya FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzindən bildiriblər.
Daha öncə RF FTX rəhbəri Aleksandr Bortnikov Misirdə Rusiya təyyarəsinin terror aktı nəticəsində qəzaya uğradığını bəyan etmişdi.
“Təyyarənin göyərtəsində uçuş zamanı trotil ekvivalentində 1 kq gücü olan partlayıcı qurğu işə düşüb, nəticədə təyyarənin havada parçalanması baş verib. Bu, təyyarənin hissələrinin uzaq məsafələrə düşməsini izah edir”, - Bortnikov RF Təhlükəsizlik şurasının iclasında bildirib.