ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Avropa ölkəsindən malların, o cümlədən saatların idxalına qadağa qoymaqla İsveçrə ilə ticarət balansında yaranan kəsiri sadəcə bir imza ilə aradan qaldıra bilər.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Punchbowl News"a müsahibəsində deyib.
"Biz bir çox dövlətləri elit ölkələrə çeviririk. İsveçrəyə diqqət yetirin. Onlarla aramızda 39 milyard dollarlıq [ticarət balansı] kəsiri mövcuddur. Mən bu kəsiri bir imza ilə ləğv edə bilərəm və onlar artıq elit ölkə olmaqdan çıxarlar. Mənim sadəcə olaraq "sizin saatlarınıza ehtiyacım yoxdur, heç bir malınıza ehtiyacım yoxdur" deməyim kifayətdir. Beləliklə, biz 39, 40, 41 milyard dollara qənaət edəcəyik, onlar isə elit dövlətdən ciddi problemləri olan bir ölkəyə çevriləcəklər. Lakin onların bəxtindən, mən yaxşı adamam", - deyə o, portala müsahibəsində bildirib.
Tramp hesab edir ki, dünyanın bir sıra ölkələrində, xüsusən də İsveçrədə faiz dərəcələrinin aşağı olmasının səbəbi həmin dövlətlərin ABŞ tərəfindən maliyyələşdirilməsidir.
"Biz yenidən ən aşağı faiz dərəcəsi olan ölkəyə çevrilməliyik, çünki bu dərəcələrin aşağı olduğu ölkələrdə vəziyyət məhz bizim sayəmizdə belədir. Səbəb isə odur ki, biz dünyadakı bir çox dövlətləri, bir çox elit ölkələri maliyyələşdiririk", - deyən Tramp, ABŞ-nin İsveçrəyə Avropa ölkəsi üçün ticarət balansının profisitini təşkil edən 40 milyard dolları qızıl məcməyidə təqdim etdiyini vurğulayıb.