ABŞ Prezidenti Donald Tramp ötən Milad bayramında Natali Harp və digər iki qadın köməkçisinin hər birinə 45 000 dollar məbləğində pul hədiyyəsi verib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri Ağ Ev tərəfindən açıqlanan maliyyə hesabatlarına istinadən məlumat yayıb.
Sənədlərdə "bayram hədiyyəsi" olaraq qeyd edilən vəsait barədə məlumatı Natali Harpdan əlavə daha iki qadın - kommunikasiya üzrə məsləhətçi Marqo Martin və Oval Kabinetin əməliyyat işləri üzrə direktor müavini Çemberlen Harris - bəyan edib.
Adıçəkilən hər üç şəxs Trampın ən yaxın köməkçiləri hesab olunur. Onların iş masaları birbaşa Oval Kabinetin girişində yerləşir. Köməkçilər tez-tez prezidenti səfərlərdə müşayiət edir, eyni zamanda, görüşlərin və gündəlik tədbirlərin təşkilinə dəstək göstərirlər. WSJ qeyd edir ki, Konqresə təqdim olunan illik əməkhaqqı hesabatlarına əsasən, bu xanımların hər biri ildə 150 000 dollar maaş alır.
Nəşrin məlumatına görə, Ağ Evin açıqlamasında bildirilir:
"Prezidentin həm dövlət qulluğunda, həm də özəl sektorda çalışdığı dövrlərdə ətrafındakı insanlara, o cümlədən bəzən işçilərinə və köməkçilərinə Milad hədiyyələri vermək kimi çoxdankı bir ənənəsi var. Sözügedən hədiyyələrin bu şəxslərin rəsmi dövlət vəzifələri ilə heç bir əlaqəsi yoxdur və buna görə də mövcud hüquqi və etik normalar çərçivəsində tamamilə məqbul sayılır".