Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla telefon söhbətinin detallarını açıqlayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Zelenski öz "Telegram" kanalında paylaşım edib.
"ABŞ Prezidenti Donald Trampla söhbət etdim. Yaxşı söhbət oldu, çox produktiv oldu. Mən Prezident Trampı uğuru və Yaxın Şərq sazişi münasibətilə təbrik etdim, hansı ki, bunu həqiqətən də təmin edib və bu, güclü nəticədir. Əgər o bölgədə müharibəni dayandırmağa nail olunarsa, o zaman başqa müharibələr də dayandırıla bilər, həmçinin də Rusiya müharibəsi.
Prezident Trampı Rusiyanın bizim energetikamıza hücumları barədə məlumatlandırdım. Bizi dəstəkləməyə hazır olduğu üçün minnətdaram. Biz hava hücumundan müdafiə sistemimizi gücləndirmək imkanlarını və bununla bağlı hazırladığımız müqavilələri müzakirə etdik. Bizi həqiqətən gücləndirəcək yaxşı variantlar, güclü ideyalar var.
Rusiyalıların əsl diplomatiyada iştirak etmək istəyi lazımdır. Güc sayəsində bunu təmin etmək olar. Sağ olun, cənab Prezident!", - deyə Volodimir Zelenski qeyd edib.
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında telefon danışığı olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Zelenskinin Ofisinin rəhbəri Andrey Yermak öz "Telegram" kanalında paylaşım edib.
Söhbətin mövzusu ilə bağlı dəqiq məlumat verilməyib.
Qeyd edək ki, Ukrayna lideri bir gün əvvəl Finlandiya Prezidenti Aleksandr Stubb, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Mertslə söhbət edib.
Bundan əlavə, Volodimir Zelenski Baş nazir Yuliya Sviridenkonun başçılıq etdiyi nümayəndə heyətinin gələn həftə ABŞ-yə səfər edəcəyini də açıqlayıb. O qeyd edib ki, Vaşinqtonla Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, onun enerji sektorunun qorunması, sanksiya tədbirləri müzakirə olunacaq.
Xatırladaq ki, sentyabrda Tramp və Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində şəxsi görüş keçiriblər. Görüşdən sonra ABŞ prezidenti hərbi əməliyyatlarla bağlı bir sıra açıqlamalar verib, xüsusilə o, Avropa İttifaqı və NATO-nun dəstəyi ilə Ukraynanın keçmiş sərhədlərinə qayıtmasını mümkün hesab edib, münaqişənin özünü isə "məqsədsiz" adlandırıb və Rusiyaya iqtisadi problemlər gətirdiyini irəli sürüb.