İsrailin "Mossad" xarici kəşfiyyat xidməti ABŞ xüsusi xidmət orqanlarına İranın Prezident Donald Trampa və onun administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə qarşı sui-qəsd hazırlaya biləcəyi barədə məlumat ötürüb.
Oxu.Az "Israel Hayom" nəşrinə istinadən xəbər verir ki, mümkün hücum üsullarından biri kimi partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz uçuş aparatlarından (PUA) istifadə nəzərdən keçirilir.
Əldə olunan kəşfiyyat məlumatları Vaşinqtonu ölkə rəhbərliyinin təhlükəsizliyi ilə bağlı tədbirləri gücləndirməyə vadar edib. Bu məlumatların Ağ Evin Tehranla danışıqlardakı mövqeyinə də təsir göstərə biləcəyi bildirilir.
Ehtimal olunur ki, İranın mümkün planları İsrail və ABŞ-nin birgə hərbi əməliyyatının əvvəlində ölkənin sabiq ali lideri Əli Xameneinin öldürülməsinə görə qisas almaq niyyəti ilə bağlıdır. Bu fonda "Mossad"ın rəhbəri Roman Qoffman ABŞ-yə səfər edib.
Mümkün təhdidlərlə əlaqədar Tramp administrasiyasının bir sıra üzvləri müvəqqəti olaraq şəxsi yaşayış yerlərindən mühafizə olunan hərbi obyektlərə köçürülüblər. Xüsusilə, Vaşinqtonun Corctaun rayonunda yaşayan maliyyə naziri Skott Bessent mühafizə olunan hərbi bazaya yerləşdirilib. Onun rəhbərlik etdiyi nazirlik Tehrana qarşı sanksiya təzyiqinin həyata keçirilməsində əsas rol oynayır.
Oxşar təhlükəsizlik tədbirləri hazırkı şəraitdə İranla razılaşmanın əleyhinə çıxan dövlət katibi Marko Rubio ilə bağlı da görülüb. Müdafiə naziri Pit Heqsetin də mühafizəsi gücləndirilib.
Təhlükəsizlik tədbirləri ABŞ prezidentinin gündəlik iş qrafikinə də təsir göstərib. Aralıq seçkilərinədək Tramp müntəzəm olaraq kütləvi mitinqlər keçirirdisə, hazırda onun açıq havada təşkil olunan tədbirlərinin sayı nəzərəçarpacaq dərəcədə azalıb.
Prezidentin səfərlərinin təşkili zamanı PUA hücumlarından müdafiəyə xüsusi diqqət yetirilir. Mənbələr mümkün hücumların yeri və vaxtı barədə konkret məlumat açıqlamayıblar.
Bildirilir ki, "Mossad"ın təqdim etdiyi kəşfiyyat məlumatları Trampın Tehranla razılaşmaya münasibətini yenidən nəzərdən keçirməsinə təsir göstərən əsas amillərdən biri olub. Ötən ilin may ayında imzalanmış anlaşma memorandumu ilə müqayisədə hətta ilkin razılaşmaların əldə olunması perspektivləri də əhəmiyyətli dərəcədə zəifləyib.
Tehranla münasibətlərdə yaşanan böhran fonunda ABŞ prezidenti diplomatik həll yolunun tərəfdarı olan vitse-prezident Cey. Di. Vensi danışıqlar prosesindən kənarlaşdırıb. Vens respublikaçıların aralıq seçkilərindəki itkilərini uzanan qarşıdurma ilə əlaqələndirir.
Vensin İran nümayəndələri ilə birbaşa əlaqə yaratmağa çalışdığı barədə məlumatlardan sonra Tramp ona demokratların idarə etdiyi ştat və şəhərlərdə cinayətkarlıq və korrupsiyaya qarşı mübarizəyə diqqət yetirməyi tapşırıb.
ABŞ prezidenti isə açıq şəkildə bəyan edib ki, artıq Tehranla razılaşmanı zəruri hesab etmir. O, Vaşinqtonun güclü iqtisadi təzyiq vasitələrinə malik olduğunu vurğulayıb.