Prezident Donald Tramp Ağ Evə qayıtdıqdan və idxal tarifləri tətbiq etdikdən sonra dünyanın aparıcı ölkələrində insanlar ABŞ-yə daha pis münasibət bəsləməyə başlayıblar. Çinə müsbət yanaşanların payı son beş ildə ən yüksək səviyyədədir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Axios" portalı "Morning Consult"ın araşdırmasına istinadən məlumat verib.
Son bir il yarımın məlumatları göstərir ki, Trampın seçkidə qələbəsindən sonra ABŞ-yə münasibət yaxşılaşsa da, onun inauqurasiyasından sonra reytinqdə ardıcıl sürətli eniş müşahidə olunur.
May ayına qədər ABŞ-nin reytinqi mənfi olub. Bu, Vaşinqton və Pekinin qarşılıqlı tarifləri müvəqqəti olaraq ləğv etmək və danışıqlar aparmaq barədə razılığa gəlməsindən sonra bərabərləşib, lakin Tramp keçən həftə Çini sazişi pozmaqda ittiham etdikdən sonra reytinq yenidən "qırmızı zonaya" düşüb. Əksinə, 2024-cü ilin iyul ayından Çinə münasibət davamlı olaraq yaxşılaşır. Yanvarda reytinq beş ildə ilk dəfə müsbətə çevrilib və mayın 30-da ABŞ üçün 1.5-ə qarşı 8.8 bəndə çatıb.