Ukraynanın Qara dənizdə Türkiyəyə məxsus "Reyhan Sarı" gəmisinə hücumu ilə bağlı Türkiyə tərəfi Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edib. Hadisə nəticəsində dənizçilərdən biri həlak olub.
Oxu.Az bildirir ki, bu barədə gəmiçilik xəbərləri üzrə ixtisaslaşan "HaberDenizde" portalı iddiaçıların vəkilinə istinadən məlumat verib.
"Memişoğlu Kurun" hüquq firmasının təsisçi tərəfdaşı Nuri Koray Kurun BCM Prokurorluğuna Ukrayna hücumuna dair sübutların təqdim edildiyini bildirib. Kurunun qiymətləndirməsinə görə, ilk mərhələ təxminən altı ay, bütün proses isə iki ilə qədər çəkə bilər.
Gəmi sahibi ilə yanaşı, hücum zamanı "Reyhan Sarı" gəmisində olan 12 dənizçi və həlak olan heyət üzvü Savaş Çakarın ailəsi də iddiaçı qismində çıxış edib. Kurunun sözlərinə görə, BCM-də ticarət gəmilərinə bu cür hücumlarla bağlı birbaşa presedent ola biləcək hələ heç bir qərar yoxdur.
Vəkil iddia edir ki, iddiaçıların apardığı araşdırma gəmidəki zədələrdə kasetli döyüş sursatının tətbiq olunmasının əlamətlərini aşkar edib.
Qeyd edək ki, Rusiyanın Taman limanından Trabzona kömür daşıyan "Reyhan Sarı" gəmisi iyulun 22-də Novorossiysk yaxınlığında hücuma məruz qalıb.