ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən təqib oluna biləcəyini ehtimal edib.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ lideri Merilend ştatında yerləşən Kemp-Devid iqamətgahında keçirilən iclasda danışıb.
Tramp ABŞ-bib dövlət katibi Marko Rubionun BCM-lə bağlı tənqidlərini şərh edərkən bildirib ki, hazırda onun məhkəmə tərəfindən təqib olunduğuna dair məlumat yoxdur.
"Lakin bu, baş verə bilər", - deyə ABŞ prezidenti qeyd edib.
O, Rubionun çıxışının özünü müdafiə etməyə deyil, İsrailin Baş naziri Benyamin Netanyahu və digər şəxsləri müdafiə etməyə yönəldiyini bildirib.
Öz növbəsində Marko Rubio BCM-i qanunsuz beynəlxalq təşkilat adlandırıb. O, ABŞ hökumətinin iyulun 13-də məhkəməyə qarşı genişmiqyaslı kampaniyaya başladığını bildirib.
Qeyd edək ki, ABŞ administrasiyası daha əvvəl də BCM-ə qarşı sanksiyalar tətbiq edib. Donald Tramp 2025-ci il fevralın 6-da məhkəmə əməkdaşlarına qarşı maliyyə və viza məhdudiyyətləri nəzərdə tutan sərəncam imzalayıb.
Vaşinqton BCM-i ABŞ və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı qanunsuz addımlar atmaqda ittiham edib. ABŞ, xüsusilə məhkəmənin İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalant barəsində həbs qərarları çıxarmasını tənqid edib.