İtaliyanın Florensiya şəhərindəki San-Marko monastırının rəhbəri, rahib Manuel Russo monastır aptekinin arxivlərində XIX əsrə aid koka yarpaqları və kola bitkisindən hazırlanan müalicəvi içkinin reseptini aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazıb.
Ehtimal olunur ki, bu resept məşhur "Coca-Cola" və "Pepsi" kimi içkilərin sələflərindən biri ola bilər. Rahib bildirib ki, tapılan saralmış vərəq əslində aptekin vaxtilə alıcılar üçün hazırladığı reklam bukletlərindən biri olub.
Sənəddə "elixir vinoso ricostituente" - bərpaedici şərab iksirinin hazırlanması ətraflı təsvir olunur. İçkinin hazırlanması üçün şəraba 10 qram Boliviya koka yarpağı və 30 qram kola bitkisi əlavə edilirdi. Bu içkini hazırlayan rahiblər onu gücü və mənəvi tarazlığı bərpa etmək üçün nəzərdə tutulmuş tonuslandırıcı vasitə kimi reklam edirdilər.
Nəşr qeyd edir ki, sənəddə dəqiq tarix göstərilməyib. Lakin tədqiqatçılar hesab edirlər ki, rahiblər bu resepti XIX əsrin sonlarında hazırlayıblar. Həmin dövrdə monastır missionerlərin Boliviyadan gətirdiyi koka yarpaqlarının satışı ilə fəal məşğul olub.
Materialda bildirilir ki, koka yarpaqlarına beynəlxalq nəzarət yalnız 1961-ci ildə tətbiq edilib.
