ABŞ və İsrailin İranda enerji infrastrukturuna qarşı genişmiqyaslı bombardman kampaniyası planlaşdırdığı bildirilir.
Oxu.Az xəbər verir ki, bu barədə "CBS News" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ və İsrail İranın enerji obyektlərinə qarşı indiyədək ən sərt hava zərbələrindən birini həyata keçirməyi planlaşdırır.
Bildirilir ki, İsrail bu məsələ ilə bağlı ABŞ ilə koordinasiyalı şəkildə hərəkət edir. Bununla belə, ABŞ Prezidenti Donald Trampın əməliyyatın keçirilməsinə hələ yekun razılıq vermədiyi qeyd olunur.
Zərbə planının iyulun 31-də Kemp-Deviddə keçirilən Nazirlər Kabinetinin iclasında müzakirə edildiyi bildirilib. Mənbələrin sözlərinə görə, Ağ Evin bəzi müşavirləri əməliyyatın keçirilməsinə qəti şəkildə qarşı çıxıblar.
Mümkün hədəflər sırasında elektrik stansiyaları və neft emalı zavodları da daxil olmaqla, enerji infrastrukturunun obyektlərinin olacağı bildirilib.
Qeyd edək ki, "The Telegraph" qəzeti də iyulun 31-də ABŞ və İsrailin İrana qarşı quru blokadasının tətbiqi imkanını müzakirə etdiyini yazıb. Məlumata görə, blokada üçün prioritet hədəflər sırasında İranın Türkmənistanla sərhədində yerləşən İnçə-Burun və Sərəxs strateji keçid məntəqələri nəzərdən keçirilir.