Bakının Məhəmməd Hadi küçəsində yerləşən 17 mərtəbəli binanın sakinləri binada aparılan tikinti işlərindən narahatdırlar.
Oxu.Az "Xəzər" TV-yə istinadla xəbər verir ki, sakinlərin sözlərinə görə, yaşadıqları binanın altındakı ticarət mərkəzinə metrodan keçid tikmək istəyirlər.
Sakinlər deyirlər ki, aparılan işlərdən evlərində rahat yaşaya bilmirlər.
Özünü binanın komendantı kimi təqdim edən İsa Talıblı isə bildirib ki, sakinlərin "tikinti gedir" dedikləri ərazi binaya deyil, metropolitenə aiddir və binaya heç bir aidiyyəti yoxdur.
Məsələ ilə bağlı Bakı Metropolitenindən bildirilib ki, "Həzi Aslanov" metro stansiyasının 5-ci çıxışı istiqamətində yerləşən ticarət mərkəzi tərəfindən həmin əraziyə birbaşa keçidin təşkili ilə bağlı təmsil etdiyi quruma müraciət olunub. Müraciətə baxılaraq, Bakı Metropoliteninin müəyyən etdiyi texniki şərtlər, tikinti norma və qaydaları, eləcə də bütün təhlükəsizlik tələblərinin tam təmin edilməsi şərti ilə keçidin inşasına razılıq verilib.
Yeni keçid sərnişinlərin hərəkətinin daha rahat və təhlükəsiz təşkilinə, eləcə də sərnişin axınının daha səmərəli yönləndirilməsinə xidmət edəcək.