Bu gün Türkiyədə 15 iyul 2016-cı il tarixində FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən hərbi çevriliş cəhdinin qarşısının alınmasının onuncu ildönümünü qeyd olunur.
Oxu.Az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi çevriliş cəhdinin ertəsi günü 15 iyul tarixini "Demokratiya və Milli Birlik Günü" kimi təsis edib və bu gün hər il ölkə üzrə anım tədbirləri ilə qeyd edilir.
Ölkənin hər yerində 2016-cı il iyulun 15-də baş vermiş hərbi cinayətin ildönümü ilə bağlı tədbirlər, şəhidlərin anma mərasimləri planlaşdırılıb.
Qeyd edək ki, 35 təyyarə, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın yüngül silahdan istifadə edilməklə dövlət çevrilişinə cəhd prosesinə 9 minə yaxın hərbçi cəlb edilib. O qanlı və qaranlıq gecədə Türkiyənin gün işığına çıxması üçün döyüşən mülki, polis və əsgərlərdən 150-si Ankarada, 99-u İstanbulda, 2-si isə Muğlada şəhid olub. Hərbi çevrilişə cəhd 1962, 1963, 1969 və 1971-ci illərdən sonra uğursuz olan 5-ci müdaxilə kimi Türkiyə tarixinə keçib.
Fətullah Gülən və onun tərəfdarları tərəfindən hazırlanan dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyədə uzun illər dövlət qurumlarında şəbəkələnmiş terror təşkilatını tam şəkildə ifşa etdi.
2016-cı ilin dövlət çevrilişinə cəhd zamanı Azərbaycan bütün gücü ilə Türkiyənin yanında olub. Hadisənin ilk anlarından böyük narahatlığını ifadə edən Prezident İlham Əliyev Türkiyə dövlətinə və Prezident Rəcəb Tayyib Ərdoğanın legitim hakimiyyətinə olan dəstəyini açıq şəkildə ifadə edib. Qardaş Türkiyə xalqı Azərbaycanın haqlı və qətiyyətli mövqeyini hər zaman yüksək dəyərləndirib.