Türkiyənin XİN rəhbəri vəzifəsini icra edən Mövlud Çavuşoğlu Suriyada “İslam Dövləti” (İD) qruplaşmasına qarşı irimiqyaslı hərbi əməliyyatın hazırlandığını bəyan edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə TRT telekanalına ACEAN (Cənubi-Şərqi Asiya dövlətlərinin Assosiasiyası) XİN nazirlərinin iclasının keçirildiyi Malayziyada səfər zamanı verdiyi müsahibəsində bildirib.
“ABŞ ilə razılaşmalar çərçivəsində biz İncirlikdə HHQ (Hərbi hava qüvvələri) bazasının istifadəsi məsələsinə dair böyük yol keçmişik. Ora Amerika pilotsuz uçan aparatlarının və pilotlu aviasiyanın gəldiyini görürük. Tezliklə İŞİD-ə qarşı biz (ABŞ ilə) birgə və kompleks müharibəyə başlayacağıq”.
Yerli mətbuat Pentaqonun bəyanatına əsasən xəbər verir ki, bu ərəfədə ABŞ İncirlikdən yeni müqavilələr çərçivəsində istifadə edir.
Oradan ilk dəfə tam silahlanmış pilotsuz uçan aparat havaya qalxıb. Aparat Suriya ərazisi üzərində uçub, amma bu ölkədə İŞİD-in mövqelərinə atəş açmayıb.
Daha öncə Amerika pilotsuzları İncirlikdən havaya qalxmışdılar, amma silahlanmamışdılar və sadəcə kəşfiyyat üçün istifadə edilmişdilər.
Razılaşma çərçivəsində bu bazada İŞİD-ə qarşı koalisiyanın digər ölkələrinin uçan aparatları da yerləşdirilə bilər. Amma
təyyarələrin buraxılışı üçün hər dəfə həm ayrı-ayrı, həm də müştərək olaraq Ankara və Vaşinqton tərəfindən qərar qəbul ediləcək.
ABŞ uzun müddət Türkiyədən İncirliyin istifadəsinə dair icazə almağa çalışıb, belə ki, bu baza İŞİD-ə zərbə endirmək üçün taktiki üstünlük imkanı verir.