Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Leyla Yunus: Cəmiyyət çətir rolunu oynayırdı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə vəkil Əfqan Məmmədov məhkəmə tərkibinə etiraz edib. Bu vaxt Leyla Yunus səs-küy salaraq, hakimin ünvanına təhqiramiz ifadələr işlədib.
Arif Yunus isə çıxış edərək bildirib ki, xəstə olduğundan hər gün məhkəməyə gəlib-getmək onun üçün çətinlik yaradır. Məhkəmənin onun iştirakı olmadan keçirilməsini istəyib:
“Prosesə dərmanlarla gəlib-gedirəm. MTN mənim üçün doğma evim kimidir. Orda mənə çox yaxşı baxırlar”.
Dövlət ittihamçısı Fərid Nağıyev vəkilin etirazına münasibət bildirərək onun əsaslandırılmadığın bildirib.
Arif Yunusun isə həkim nəzarətində saxlandığını deyən dövlət ittihamçısı narahatlığa əsas olmadığını deyib. O, ehtiyac olduğu təqdirdə həkimlərin müdaxilə etdiyini vurğulayıb.
Məhkəmə heyəti qərara gəlib ki, kifayət qədər əsas olmadığından etirazlar baxılmamış saxlansın.
Vəkil Ramiz Məmmədov cinayət işi üzrə bir neçə maddəyə xitam verilməsini, müdafiə etdiyi şəxslərə maliyyə ayıran, onlarla əlaqəsi olan xarici fondların nümayəndələrinin prosesə dəvət olunmasını, alınan qrantlar hesabına Arif Yunusun çap etdirdiyi kitabların sübut kimi cinayət işinə daxil edilməsi istəyib. Vəsatətin kitabların cinayət işinə daxil edilməsi hissəsi təmin edilib.
Bundan sonra məhkəmə sənədlərinin təhlili başlayıb. Sənədlərə bank əməliyyatları, Arif Yunusun Çexiyada ev alması ilə bağlı apardığı danışıqlar, təqsirləndirilən şəxslərin Bakıdakı evlərində aparılan axtarış zamanı müsadirə olunan sənədlər və s. daxildir.
Sənədlərin təhlili yekunlaşdıqdan sonra söz istəyən Leyla Yunus bildirib ki, 1996-cı ildə qeydiyyata alınmış Ön Qafqaz Qadınlarının Cəmiyyətinin faktiki sədri olub: “Cəmiyyətə faktiki olaraq, mən rəhbərlik etmişəm. Qurumun hüququ sədri Rəna Səfərəliyeva idi. Amma o, cəmiyyətin fəaliyyətində iştirak etmirdi, tamamilə uzaqlaşmışdı. Bu cəmiyyət çətir rolunu oynayırdı. Sülh və Demokratiya İnstitutu, Qadın Krizis Mərkəzi və Minalardan Müdafiə Təşkilatı buraya daxil idi.
Biz daha sonra həmin təşkilatların qeydiyyata alınması üçün müraciət etmişdik. Cəmiyyət dövlət qeydiyyatından keçdiyi üçün bütün qrantlar cəmiyyətin hesabına köçürülürdü. Cəmiyyətin sədr müavini kimi pulları almaq hüququ mənə verilmişdi. Heç bir sənəd saxtalaşdırılmayıb və vergidən yayınma faktı olmayıb”.
Bununla da, məhkəmə istintaqı yekunlaşıb.
Proses avqustun 6-da dövlət ittihamçısının çıxışı ilə davam etdiriləcək.
Qeyd edək ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
E.Ə.
www.oxu.az