Bu gün Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan nümayəndələri müdafiə sahəsində ortaq müqavilə imzalamaq məqsədilə Ciddə şəhərində bir araya gələcəklər.
Oxu.Az-ın məlumatına görə, bu barədə AFP-yə Səudiyyə Ərəbistanının hökumət və hərbi dairələrinə yaxın mənbələr bildiriblər.
Sözügedən addım regionda münaqişələrin, müharibələrin və hərbi gərginliyin artması, xüsusilə Körfəz ölkələrinə təsir edən, Hörmüz boğazı və Qırmızı dənizdə gəmiçiliyi pozan ABŞ-İran qarşıdurması fonunda atılır.
Adının açıqlanmasını istəməyən mənbə qeyd edib ki, bu məsələ ilə bağlı müzakirələr çoxdan aparılırdı, lakin bölgədə baş verən son hadisələr prosesin daha da sürətlənməsinə səbəb olub.
Səudiyyə hökumətinə yaxın olan digər anonim mənbə də sənədin cümə günü imzalanmasının planlaşdırıldığını təsdiqləyib.
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Qırmızı dəniz sahilindəki şəhərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcəyi gözlənilir.