Türkiyə tarixində ilk dəfə olaraq NATO üzvü olan bir ölkənin Hərbi Dəniz Qüvvələri üçün hərbi gəmi ixrac edib və Rumıniyaya "Cam. Roman" korvetini təhvil verib.
Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İstanbulda keçirilən təhvilvermə mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya Prezidenti Nikuşor Dan iştirak ediblər.
"Bu gün dənizçilik sənayemizin nailiyyətlərini, mühəndislik potensialımızı, eləcə də Türkiyə ilə Rumıniya arasındakı dostluğu bir daha təsdiqləmək üçün İstanbulda toplaşmışıq. Ölkələrimiz arasındakı çoxillik əməkdaşlıqda yeni bir mərhələyə qədəm qoyur və "Cam. Roman" korvetini Rumıniya Hərbi Dəniz Qüvvələrinə qürurla təqdim edirik. Bu, tariximizdə NATO və Avropa İttifaqına üzv bir dövlətə həyata keçirilən ilk hərbi gəmi ixracıdır.
Dəniz minalarına qarşı mübarizə kimi sahələrdə Türkiyə, Rumıniya və Bolqarıstan arasında inkişaf edən əməkdaşlığı yüksək qiymətləndiririk. Ümid edirik ki, gələcəkdə bu əlaqələr daha da möhkəmlənəcək. Bu gün təhvil verdiyimiz gəmidə istifadə olunan döyüş idarəetmə sistemi, radarlar, atəşin idarəetmə kompleksi, sonar sistemləri və yaxın mənzilli müdafiə silahları tamamilə yerli şirkətlərimiz tərəfindən istehsal olunub", - deyə Ərdoğan bildirib.
Mərasim çərçivəsində "Cam. Roman" korveti ilə yanaşı, Türkiyə Hərbi Dəniz Qüvvələrinə "Hisar" sinfinə aid "TCG Kochisar" patrul gəmisi də təhvil verilib.
Hər iki gəmi layihənin baş podratçısı olan Türkiyə Milli Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Asfat" şirkəti tərəfindən ölkənin milli gəmiqayırma proqramı çərçivəsində inşa edilib.