Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə ölkəyə məxsus mülki gəmilərə edilən hücumlarla bağlı açıqlama yayıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.
"Məlum olub ki, Türkiyəyə məxsus "Yaşar" və "Nadezhda" adlı mülki gəmilər ötən gün axşam (3 avqust) Novorossiysk limanından yola düşdükdən sonra pilotsuz uçuş aparatları tərəfindən hücuma məruz qalıb və aralarında vətəndaşlarımızın da daxil olduğu bir qrup personal yaralanıb.
Vətəndaşlarımızın təhlükəsizliyi əsas prioritetimizdir və onların vəziyyəti yaxından izlənilir.
Qara dənizdə Rusiya ilə Ukrayna arasında müharibənin, bütün xəbərdarlıqlarımıza baxmayaraq, mülki gəmilərə də təsir edəcək şəkildə Qara dənizdə getdikcə yayılmasından narahatlıq duyulur. Qabaqlayıcı tədbirlər görülmədiyi təqdirdə, Qara dənizdə eskalasiya qida təhlükəsizliyi də daxil olmaqla, çoxşaxəli mənfi nəticələrə gətirib çıxaracaq.
Buna görə də, müharibə edən tərəflər başda olmaqla, maraqlı tərəflərə Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi üçün təcili olaraq konkret tədbirlərin görülməsi istiqamətində çağırışımızı yeniləyirik", - deyə nazirlik bildirib.