Türkiyədə məşhurları hədəf alan narkotik və fahişəlik istintaqı çərçivəsində toplaşma yeri olduğu iddia edilən və barəsində sökülmə qərarı verilən İstanbuldakı "Bebek Hotel"in sökülməsinə başlanılıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İstanbul Böyükşəhər Bələdiyyəsi və polis qrupları qanunsuz tikililərin (hissələrin) sökülməsi işlərinə başlamaq üçün "Bebek Hotel"ə gedib.
Həmçinin narkotik istifadəsi və fahişəlik iddialarının yer aldığı istintaq dosyesi çərçivəsində hotelin sahibi və menecerinin daha əvvəl həbs olunduğu da bildirilib. Prokurorluğun qiymətləndirməsində bəzi məşhurların hoteldə toplaşdığını və narkotik istifadə etdiyini göstərən əlamətlərin olduğu qeyd edilib.
Xatırladaq ki, prodüser Muzaffer Yıldırıma məxsus "Bebek Hotel"ə edilən basqın zamanı hotelin kazinoya çevrildiyi iddia edilib. İddialara görə, Yıldırımın iqamətgahında aparılan axtarış zamanı kazino işçisi, assistent və təmizlik işçisi dəlilləri məhv etməyə çalışarkən saxlanılıblar.
Qeyd olunub ki, prokurorluq hotelin sahibi Muzaffer Yıldırımın bu məkandan narkotik məclisləri üçün istifadə etdiyini iddia edir. Axtarışda iştirak edən 200 jandarm hoteldə "gizli otaq" aşkar edib. Bu otağın səsyazmaların aparıldığı bir yer olduğu ilə bağlı da fikirlər irəli sürülüb.