Türkiyədə çirkli pulların yuyulması, korrupsiya və cinsi istismar əməllərində şübhəli bilinən və YENİ Partiya üzvlüyündən xaric edilən deputat Mustafa Sarıgülün cinayət işi üzrə yeni detallar məlum olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, C.D. inisialları ilə təqdim olunan şəxs siyasətçini cinsi qısnama əməllərində ittiham edib və bəzi iş yoldaşlarının da analoji vəziyyətlə üzləşdiyini bildirib. Onun sözlərinə görə, Sarıgül bələdiyyə başçısı olduğu dövrdə tabeliyindəki şəxsləri otağına çağırıb, ardınca isə onları duş kabinəsi və çarpayısı olan arxa otağa apararaq masaj tələb edib.
"Mən və onun mühafizəçisi H.H. birlikdə içəri daxil olub ona masaj edirdik. Müəyyən mənada biz bunu etməyə məcbur idik", - deyə C.D. öz ifadəsində vurğulayıb.
O qeyd edib ki, əməkdaşlar siyasətçinin nüfuzlu mövqeyindən çəkinir və işlərini itirmək qorxusundan ona etiraz edə bilmirdilər. Həmçinin C.D. baş verənlərdən narahatlıq keçirdiyini və bu tələblərə tabe olmaq məcburiyyətində qaldığını bəyan edib. Bununla yanaşı, şahid iddia edir ki, Sarıgülün istəklərini yerinə yetirməyən işçilər arzuolunmaz vəzifələrə keçirilə bilərdilər. Onun sözlərinə görə, bu cür yanaşma işçilər arasında qorxu mühiti formalaşdırırdı.
C.D. ifadəsində həmçinin xadimə kimi çalışan M. isimli qadının başına gələnləri də diqqətə çatdırıb. İddiaya əsasən, həmin qadın Sarıgülün onu başqa bir işçi ilə cinsi əlaqədə olmağa məcbur etdiyini və özünün bu prosesi kənardan izlədiyini bildirib.
Qeyd edək ki, istintaq tədbirləri çərçivəsində daha on nəfərin saxlanılması barədə qərarın verildiyi də bildirilir. Onların arasında Şişli bələdiyyəsinin gənclər düşərgələrinə cavabdeh olan şəxs, Sarıgülün iki mühafizəçisi, ankaralı bərbər, əvvəllər zorakılığa məruz qaldığı ehtimal edilən iki bacı və video materialların qeydə alınması ilə əlaqələndirilən bir qadın işçi var.
Xatırladaq ki, YENİ Partiya sədri Özgür Özel cinsi zorakılıq, korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunan Mustafa Sarıgülün bəyanatlarına münasibət bildirərək onun artıq partiyanın üzvü olmadığını açıqlayıb.