ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev liderinin kürəkəni Cared Kuşner çərşənbə axşamı Dohada Qətərin Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani ilə İranın nüvə proqramı üzrə ehtimal olunan sazişin təfərrüatlarını nəzərdən keçirəcəklər.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid Ağ Evdəki mənbələrə istinadən "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, Uitkoff və Kuşnerin Qətər rəhbərliyinin digər rəsmiləri ilə də görüşməsi nəzərdə tutulur. Çərşənbə günü isə ABŞ-İran nümayəndə heyətləri Qətər və Pakistandan olan vasitəçilərin iştirakı ilə ayrı-ayrılıqda danışıqlar aparacaqlar.
Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirmişdi ki, İran nümayəndə heyəti İran-ABŞ memorandumunun icrası ilə bağlı məsləhətləşmələr üçün yaxın vaxtlarda Qətərə səfər edəcək. Lakin ABŞ nümayəndələri ilə hər hansı birbaşa görüş və ya danışıqların planlaşdırılmadığı vurğulanıb.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Qətərin paytaxtı Doha şəhərinə yola düşüb. Çərşənbə axşamı bu şəhərdə ABŞ və İran arasında danışıqların baş tutacağı ehtimal olunur.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı CNN telekanalı yayıb.
Telekanal iki ABŞ rəsmisinə əsaslanaraq: "Uitkoff hazırda Dohaya yola düşür", - deyə qeyd edib.
Məlumatına əsasən, ABŞ dövlət başçısının kürəkəni Cared Kuşnerin Uitkoffla birlikdə olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, Donald Tramp daha öncə çərşənbə axşamı Dohada ABŞ-İran görüşünün nəzərdə tutulduğunu bəyan etmişdi. Lakin bunun ardınca İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü İsmayıl Bəqai Tehranın yaxın vaxtlarda Qətərdə ABŞ nümayəndələri ilə heç bir təmas planlaşdırmadığını vurğulamışdı.