Hindistanın "Tata Electronics" şirkətinin daxili sənədlərinin kütləvi şəkildə darknetə sızması nəticəsində "Apple"ın sentyabr ayında təqdim etməyi planlaşdırdığı "iPhone 18 Pro" smartfonu haqqında gizli məlumatlar yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, "Tata" müqavilə əsasında ehtiyat hissələri tədarük edir və "iPhone" cihazlarının yığılmasını həyata keçirir. Kibertəhlükəsizlik üzrə tədqiqatçıların verdiyi məlumata əsasən, "World Leaks" haker qruplaşması darknetdə 200 mindən çox fayl yerləşdirib. "Tata Electronics" şirkəti isə öz növbəsində bəzi sistemlərinə təsir edən bu insidentin baş verdiyini təsdiqləyib.
Sızdırılan sənədlərdə "iPhone 18 Pro"nun komponentləri və onların təchizatçıları haqqında məlumatlar yer alır. Bu məlumatlara əsas çap platasındakı mikrosxemlər, eləcə də batareya və kamera hissələri barədə detallar daxildir.
"Məlumatların yayılması "Apple"ın dünyanın müxtəlif yerlərindən olan bir çox təchizatçıdan əldə etdiyi komponentlərlə həyata keçirdiyi "iPhone" istehsalının diqqətlə qurulmuş biznes prosesinə təhlükə yaradır. Təchizatçılarla bağlanan müqavilələrin əksəriyyəti sözügedən şirkət tərəfindən ciddi şəkildə qorunduğu üçün bu hadisə şirkətin "Tata" ilə münasibətlərini pisləşdirə bilər. Eyni zamanda, sızıntı rəqiblərə, saxta məhsul istehsalçılarına və digər təchizatçılara hansı hissələrin kim tərəfindən istehsal edildiyi barədə məlumat verə bilər", - deyə nəşrdə qeyd olunur.
Bundan əlavə, faylların içərisində "Apple" smartfonlarının zərbəyə və düşməyə davamlılıq sınaqlarından keçdiyi anı göstərən fotoşəkillər də aşkarlanıb. Şəkillərdə arxa tərəfində üç kamera və şirkətin loqotipi olan düz, boz rəngli telefon əks olunub. Agentliyin mənbəsinin bildirdiyinə görə, həmin fotolardakı cihaz məhz "iPhone 18 Pro" modelidir.
"Reuters" qeyd edir ki, bu insident ABŞ texnologiya nəhənginin "Tata"ya olan etibarını sarsıda bilər. Çünki "Apple" öz texnoloji proseslərinin bir hissəsini Çindən kənara köçürməyə çalışır və şirkətin Hindistan bazarına çıxışı birbaşa olaraq bu yığıcı müəssisədən asılıdır.