Ukrayna hökuməti ədliyyə naziri German Qaluşşenkonu "Energoatom" ətrafında korrupsiya qalmaqalı fonunda vəzifəsindən kənarlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko öz "Telegram" kanalında məlumat verib.
"Ukrayna Ədliyyə Nazirliyi təsdiq edir ki, ədliyyə naziri German Qaluşşenkonun iştirakı ilə cinayət icraatı çərçivəsində istintaq aparılıb. Nazir hərtərəfli, obyektiv və qərəzsiz araşdırmanı təmin etmək üçün hüquq-mühafizə orqanlarına tam dəstək göstərir", - deyə məlumatda bildirilir.
Ədliyyə naziri vəzifəsini müvəqqəti olaraq Avropaya inteqrasiya üzrə müavin Lyudmila Suqak icra edəcək.
Qaluşşenko özü bildirib ki, Nazirlər Kabinetinin addımları ilə razılaşır və kreslosundan "yapışmır".
"Hesab edirəm ki, araşdırma müddətində vəzifədən kənarlaşdırılmağım mədəni və düzgün ssenaridir. Özümü hüquqi müstəvidə müdafiə edəcəyəm və öz mövqeyimi sübut edəcəyəm", - o, özünün "Facebook"dakı hesabında yazıb.