Avropa Komissiyası (AK) 90 milyard avroluq (təxmini 175 milyard manat) müdafiə proqramı çərçivəsində Ukraynaya əlavə 3 milyard 470 milyon avro (təxmini 6 milyard 755 milyon manat) ayırıb.
Oxu.Az-ın xəbərinə görə, AK mətbuat xidməti bu barədə iyulun 30-da öz saytında məlumat dərc edib.
"Bu gün Ukraynaya kömək üçün əlavə 3 milyard 470 milyon avro sərmayə qoyuruq. 90 milyard avroluq kredit paketimizin növbəti tranşı vasitəsilə Ukraynaya öz yardımımızı göstəririk", - deyə AK prezidenti Ursula fon der Lyayen bildirib.
Ayrılan vəsaitlər "Qripen" qırıcılarının, raketlərin və uzaqmənzilli reaktiv mühərrikli texnikaların alınmasına sərf ediləcək. Komissiyadan bildirilib ki, bu maliyyələşdirmənin əsas məqsədi Ukraynanı ehtiyac duyduğu hərbi sursatla ən qısa müddətdə təchiz etməkdir.
Yaxın həftələr ərzində raketlərin, hava hücumundan müdafiə sistemlərinin, sursat və dronların tədarükü üçün yeni maliyyə vəsaitlərinin ayrılması da nəzərdə tutulur. Ümumilikdə isə, 2026-cı ildə Ukraynanın müdafiə potensialına dəstək məqsədilə 28 milyard 300 milyon avro ayrılıb.