İtaliyanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Daniele Bozio pedofil ittihamı ilə saxlanılıb.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, İtaliyanın “La Repubblica” qəzetinin verdiyi məlumata görə, səfir tətilə getdiyi Filippinin paytaxtı Manila yaxınlığında həbs edilib.
46 yaşlı Daniele Bozionun həbs olunduğu İtaliya Xarici İşlər Nazirliyi tərəfindən də təsdiqlənib.
Nazirlikdən bildirilib ki, ittihamın nə dərəcədə doğru olması haqda araşdırma aparılır:
“İlkin məlumat budur ki, diplomat uşaqların müdafiəsi ilə bağlı qanunu pozduğuna görə həbs olunub”.
D.Bozio italyan mətbuatına açıqlamasında isə bildirib ki, o, pedofil deyil:
“Yalnız uşaqları oyun parkına aparmaq istədim. And içirəm ki, onlara bir şey etmədim. Məqsədim yalnız onları əyləndirmək olub. Ümid edirəm ki, hər şey sübut olunacaq”.
İtalyan mətbuatı isə diplomatlarının müdafiəsi ilə bağlı yazılar dərc edir.
İttiham tərəfi isə səfirin 6-12 yaşlarında 3 uşaqla cinsi əlaqədə olduğuna görə həbs olunduğunu iddia edir.