Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı poverliftinq üzrə 2 dəfə Avropa çempionu Cavidan Ramazanovdur.
- Cavidan Ramazanov kimdi?
- Mən Cavidan Ramazanov 1989-cu ildə Bakıda anadan olmuşam. Ailədə 4 nəfərik: bacım, anam, atam. Anam müəllimədir, atam bizneslə məşğul olur. Uşaqlıqda heç də sakit uşaq olmamışam. Bir var dəcəl, bir də var çox pis uşaq, sözə baxmayan (gülür).
Bağçaya gedirdim, bir də görürdülər ki, yoxam, qaçmışam evə. İdmana da çox həvəsim var idi. İlk olaraq futbola getmişəm, bunun mənə fiziki güc baxımından çox xeyri oldu. Futbol maraqlı, cəld idman növüdür. İndi də arada futbol oynayıram.
- Futbol demişkən, indi futbolçularımıza baxıb demirsən ki, kaş mən də davam edərdim?
- Yox, demirəm. Həm də ki, dostlarımın çoxu futbolçudur. Onların uğuru, bizim uğurumuzdur.
- Məsələn, kimləri bəyənirsən?
- Əfran İsmayılovu bəyənirəm. Həm yaxşı dostdur, həm yaxşı insan, həm də yaxşı futbolçu. Həm də bir yerdə oxumuşuq. Demək olar ki, uşaqlığımız bir yerdə keçib. Ona oyunlarında uğurlar arzulayıram.
Daha sonra karateyə getmişəm, bir müddət karate ilə məşğul olmuşam, daha sonra güləşə, basketbola getmişəm.
- Bu qədər idmanla məşğul olmusan və demək olar ki, cüdo kimi, güləş kimi idman növündən niyə ayrılmısan, ya da atmısan deyək?
- Bilirsiz, idmanı sevirdim, davamlı da məşğul olurdum, amma istədiyim bu deyildi. İnsanın həmişə istədiyi, axtardığı bir şey olur. Mən görünüşün, vücudun gözəl, qüvvətli olmasını sevirəm.
Buna görə də indi məşğul olduğum poverliftinq idman növünə gəldim və məşğul oldum. Artıq uzun müddətdir ki, bu idmanla məşğulam və keçirilən yarışlarda iştirak edirəm. Bu idmana da gəlməyimə ən böyük səbəb Ceyhun Vəliyev olub. Onunla məşq vaxtı tanış oldum. Ceyhun müəllim mənə dəstək oldu, daha da həvəsləndim.
- Poverliftinq çətin idman növü kimi görünür. Sənə çətin gəlmədi ki?
- Mənə belə gəlir ki, asan idman növü yoxdur, amma sevdiyin idmanla məşğulsansa, deməli asan da olsa, çətin də olsa öhdəsindən gəlməlisən. Ona görə də çətinlik də olub, əziyyət də, amma buna baxmayaraq həvəslə məşqlərimi edirəm və yarışlara hazırlaşıram.
Bu idman növünün arxasıyca hamı getmir. Çünki ilk olaraq çətin gəlir, daha sonra yarışlara hamı demək olar ki, qatılmır. Bizim idmanda Azərbaycan çempionu, başqa idman növlərində Avropa çempionu deməkdir.
- Bizim idmançılardan kimləri bəyənirsən?
- Məsələn, futbolçularımızdan Əfranı, daha sonra poverliftinqdən Vüqar Namazovu, müəllimim Ceyhun Vəliyevi, güləşdən Namiq Abdullayevi və s. Bu insanlar idmanda özlərini sübut etmiş insanlardır.
- Bizim idmançılarla əcnəbi idmançıların oxşar və fərqli cəhəti nədir?
- Əvvəla onlar çox qabaqdadır, çox inkişaf ediblər. Məsələn, biz yarışda bir forma geyinirik, onlar isə bir neçə dəfə dəyişirlər, çünki bizdə sifariş verib 1 aya gəlirsə, onlarda 2 gün içində hazır olur. Daha sonra onların qrafikləri, qidaları – hər şey yüksək səviyyədədir. Amma buna baxmayaraq, bizim genetikamız güclüdür, biz genetik olaraq onlardan daha çox inkişaf edirik.
- Bəs yarışlarımızın fərqliliyi nədədir onlardan?
- Onların yarışında maraqla izlədiyim belə bir şey olub. Deməli qalib olduğumuz zaman bizə verilən medalları məhz sadə şəkildə federasiyanın prezidenti özü bizə təqdim edir və kostyumda, qalstukda yox, şortikdə sadə geyimdə olur və ən əsası da tribuna olmur. Bu onlarda belə deməkdir ki, onsuz yarış zamanı stress, gərginlik keçirirsən və qalib olduğun zaman yarış bitəndən sonra sərbəst olasan, özünü daha rahat hiss edəsən.
Bir dəfə yarışların birində federasiyanın prezidenti gəldi ki, medalları qaliblərə təqdim etsin. İdmançılar narazı oldular ki, bizə siz yox, məhz orda olan idmançı xanım təqdim etsin. O da keçdi əyləşdi və bizə həmin xanım təqdim etdi medalları. Bax bunlar mənim diqqətimi çəkmişdi.
- Gəncsən, buna baxmayaraq bir çox yarışlar keçirmisən. İrəlidə hansı yarışa hazırlaşırsan?
- Mən 2011-ci ildə Azərbaycan çempionu olaraq 2-ci yeri götürmüşəm. Daha sonra həmin ili Pensilvaniyada İPA versiyası üzrə gənclər arasında dünya çempionu olmuşam. Daha sonra 2011-ci ilin noyabrında WPC versiyası üzrə 100 kq-da 1-ci yerə çıxmışam, bu da olub Latviyanın Riqa şəhərində. Bir neçə turnirlərdə iştirak eləmişəm. Düzdü hələ gəncəm və düşünürəm ki, edəcəyim, keçirəcəyim yarışlar irəlidədi və 2015-ci ildəki Avropa oyunlarına hazırlaşıram.
- Tək idmanla məşğulsan, yoxsa başqa gördüyün işlər var?
- Hal-hazırda Nəqliyyat Nazirliyinin əməkdaşıyam. Həm işimi görürəm, həm də idmanımla məşğulam.
Amma düzünü desəm, həvəsim sistem işinədir və hazırlaşıb imtahan verib inanıram ki, qəbul olaram. Çünki sistem işində olmaq uşaqlıq arzumdu. Baxmayaraq ki, təhsilim var. Kooperasiya Universitetinin Gömrük işinin təşkili fakültəsini bitirmişəm, amma yenə də çalışacam bir daha sınaqdan keçirim.
- Gün ərzində neçə dəfə güzgüyə baxırsan?
- Biz güzgüylə işləyirik, yəni bu idman növü daha çox güzgüyə baxmaq deməkdir (gülür). Mən də demək olar ki, hər gün güzgüyə tez-tez baxıram. Həm saçımı düzəldirəm, həm də məşq edəndə baxıram. Fikir vermisizsə bizim zalımızda hər tərəf güzgüdür, bizim idman güzgünü sevir (gülür).
Nərmin Kazımova
Foto: Ratmir Şərifov
www.oxu.az