"ABŞ və İran Bürgenştokdakı danışıqlarda yekun razılaşmanın əldə olunması üçün möhkəm zəmin yaradıb və ciddi irəliləyişə nail olublar".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens jurnalistlərlə söhbətində bildirib.
"Dünən olduqca məhsuldar bir gün keçdi. Biz kifayət qədər böyük nailiyyət əldə etdik. Uğurlu yekun müqavilə üçün mükəmməl bünövrə qoyduq. Yekun razılaşmanı bir ev hesab etsək, biz onun əsasını qurduq. Hələlik binanı tam inşa etməsək də, sağlam bir bünövrə yaratmışıq", - deyə ABŞ rəsmisi vurğulayıb.
Vens qeyd edib ki, Birləşmiş Ştatlar və İran arasında texniki xarakterli müzakirələr qarşıdakı günlərdə və ya həftələrdə yenidən başlayacaq:
"Komandalarımız iranlılar, qətərlilər və pakistanlılarla birgə fəaliyyət göstərir, dünən nəzərəçarpacaq irəliləyiş qeydə alındı. Bürgenştokda texniki səviyyədəki işlər yaxın həftələr və ya günlər ərzində davam etdiriləcək".
ABŞ-nin vitse-prezidenti Hörmüz boğazının açıq olduğunu da bəyan edib:
"Biz Hörmüz boğazının açıq qalmasını təmin edəcək bir mexanizm qurmaq istəyirdik və o, artıq açıqdır. Təbii ki, qaz və neft qiymətlərinin necə endiyini, milyonlarla barel neftin və təbii qazın Hörmüz boğazından keçdiyini müşahidə edirik, bu, əvvəllər baş vermirdi. Lakin biz eyni zamanda Hörmüz boğazını minalardan təmizləmək üçün həqiqətən koordinasiya mexanizmi yaratdığımıza əmin olmaq istəyirdik".
Vens İran aktivlərinin dondurulmaqdan çıxarılmasının ABŞ-yə də fayda verəcəyini diqqətə çatdırıb:
"Əgər nə vaxtsa İranın aktivləri sərbəst buraxılarsa, bu vəsaitlər amerikalı fermerlərin qazanc əldə etməsinə və İran əhalisinin ərzaqla təmin olunmasına yönəldiləcək. Bu, ABŞ Prezidenti Donald Trampın çox uğurlu və klassik razılaşmasıdır. Həm bizim, həm də İran xalqı üçün möhtəşəmdir. Ən əsası isə bu, bizim formalaşdırdığımız regional təhlükəsizlik arxitekturasına öz töhfəsini verəcək. Biz onun qorunub saxlanması üçün böyük səylə çalışacağıq".
Vitse-prezident İran rəhbərliyinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nümayəndələrini yenidən öz nüvə obyektlərinə buraxmağa razılaşdığını da bildirib.
"İran tərəfi BAEA təmsilçilərini yenidən ölkəyə dəvət etməyə razılıq verdi. Bu, İranda nüvə proqramının tamamilə dayandırılması və ya yekun denuklearizasiya istiqamətində atılan ilk addım deməkdir. Bu, məhz bizim arzuladığımız və İrandan tələb etdiyimiz məsələ idi".
O, həmçinin İsrail və Livan arasındakı münaqişənin həlli üzrə danışıqların daimi xarakter daşıdığını sözlərinə əlavə edib:
"Livanın suverenliyinin qorunması ilə yanaşı, İsrailin təhlükəsizliyinin də təmin olunmasını istəyirik. Bu isə davamlı bir dialoqdur. Biz bunu dünən müzakirə etdik və zənnimcə, cəmi 24 saat əvvəlki vəziyyətlə müqayisədə xeyli irəli getmişik. Bu istiqamətdə işlər hələ yekunlaşmayıb".