Rusiyanın İstintaq İdarəsi ölkənin Volqoqrad şəhərində səhər saatlarında daha bir partlayışın baş verməsi barədə informasiya yayıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə idarənin rəsmi nümayəndəsi Vladimir Markin bildirib.
İlkin məlumatlara görə, partlayış nəticəsində 10 nəfər həlak olub, eyni sayda adam yaralanıb. Partlayış şəhərin Dzerjinski rayonunda, saat 08:23 radələrində, insanların çox olduğu, bir tərəfdən bazar, digər tərəfdən qarnizon univermağının yerləşdiyi ərazidə baş verib.
Qeyd edək ki, dünən, dekabrın 29-da da Volqoqradda terror aktı törədilmişdi. Terrorçu-kamikadzenin şəhər vağzalında özünü partlatması nəticəsində 17 nəfər həlak olmuş, 40-dan çox adam yaralanmışdı.
Bununla bağlı Volqoqradda 3 günlük matəm elan edilib.