ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin Strateji Planlaşdırma İdarəsinin sabiq rəisi, general-leytenant Brett Silviya Ukrayna və İranla əlaqədar məxfi məlumatları iki fərqli nəşrin jurnalistlərinə ötürdüyünü etiraf edib.
Oxu.Az xəbər verir ki, bu barədə aparılan araşdırma hesabatına istinadla "Axios" portalı məlumat yayıb.
Portalın məlumatına əsasən, Silviya dörd dəfə yalan detektorundan (poliqraf) keçə bilmədikdən sonra gizli sənədləri sızdırması faktını qəbul edib.
Məlumat sızıntıları 2025-ci ilin iyun ayında başlayıb və təqribən bir il davam edib. Media nümayəndələri ilə əlaqə saxlamaq üçün general təhlükəsiz "Signal" mesencerindən istifadə edib. Bununla belə, o, həmsöhbətlərindən yalnız biri ilə üz-üzə görüşüb.
Nəşr vurğulayır ki, kafedəki görüş zamanı Silviya məxfi məruzə ilə tanış olarkən götürdüyü qeydlərə əsaslanaraq, ABŞ-nin Ukraynaya yardımı barədə məlumatları şifahi şəkildə çatdırıb.
Hesabata görə, jurnalistlərdən biri İran məsələləri ilə bağlı da generala müraciət edib. Silviya ona göndərilən mesajın dəqiq məzmununu xatırlamadığını və cavab vermədiyini iddia edib. Onun sözlərinə görə, həmin mesajı silməyə cəhd edərkən təsadüfən jurnalistlə olan bütün yazışmanı pozub.
Qeyd edək ki, oktyabrın 29-da Pentaqon rəhbəri Pit Heqsetin həftənin əvvəlində heç bir səbəb göstərmədən Silviyanı işdən çıxardığı barədə məlumat yayılmışdı.