Yaponiyanın Küsü adasında yerləşən Kumamoto prefekturası yaxınlığında baş vermiş 7.1 maqnitudalı zəlzələdən sonra 100-dən çox təkrar yeraltı təkan (afterşok) qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, yerli vaxtla saat 00:22-yə (Bakı vaxtı ilə 19:22) olan vəziyyətə əsasən, Kumamoto bölgəsində maqnitudası 1.9-6.1 arasında dəyişən 113 afterşok qeydə alınıb.
Zəlzələdən qısa müddət sonra, ilkin ehtimala görə, qaz sızması nəticəsində Kaşima şəhərində yerləşən iri Aeon ticarət mərkəzində güclü partlayış baş verib. Hadisədən sonra onlarla əməkdaşla əlaqənin kəsildiyi bildirilir.
TBS telekanalının məlumatına görə, partlayış nəticəsində çoxsaylı insanın həlak olması ehtimal edilir.
Bundan əlavə, NHK telekanalının məlumatına əsasən, Yatsuşiro şəhərində yerləşən Nippon Paper Industries zavodunda zəlzələ zamanı tüstü borusunun uçması nəticəsində bir neçə əməkdaş itkin düşüb. Hazırda onların axtarış-xilasetmə işləri davam etdirilir.
Yaponiyada baş verən zəlzələdən sonra "Aeon" ticarət mərkəzində qeydə alınan partlayış nəticəsində azı bir neçə nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Fuji" telekanalı məlumat yayıb.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Helikopterlərdən çəkilmiş kadrlarda binanın ciddi zərər gördüyü müşahidə olunur. Divarlardan biri qismən uçaraq binanın metal karkasını üzə çıxarıb, dama isə böyük ziyan dəyib.
Ticarət mərkəzinin dağıntıları altından insanları xilas etmək üçün əraziyə qüvvələr cəlb olunub.
Yaponiyanın Kumamoto prefekturası ərazisində baş vermiş zəlzələ nəticəsində böyük ticarət mərkəzi və körpünün bir hissəsi uçub.
Oxu.Az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar zamanı XVII əsrin əvvəllərində inşa edilmiş tarixi Kumamoto qalasına da ziyan dəyib.
"Daxil olan çoxsaylı məlumatlara görə, qala divarının bir hissəsi dağılıb", - deyə xəbərdə bildirilir.
Bu qala eyniadlı Kumamoto prefekturasının və şəhərinin əsas turistik məkanıdır. Hər il buranı 1.5 milyondan çox insan ziyarət edir.
Qeyd olunur ki, 2016-cı ildə baş vermiş zəlzələ zamanı da sözügedən tarixi tikili ciddi zərər görmüşdü. Həmin vaxt müdafiə divarının daş hörgüsü və damın kirəmitləri qismən uçmuşdu.
Məlumata görə, təbii fəlakət səbəbindən təxminən 48 min ev işıqsız qalıb.
Bundan əlavə, zəlzələdən sonra elan edilən sunami təhlükəsi ləğv olunub.
NHK telekanalının məlumatına görə, güclü zəlzələ nəticəsində 50-dən çox insan xəsarət alıb.
Yaponiyanın Kyusyu adasında baş verən 7.1 bal gücündə zəlzələ nəticəsində binalar çöküb, yol və körpülərə ziyan dəyib, həmçinin yanğınlar və elektrik enerjisinin kəsilməsi halları qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu məlumatı Yaponiyanın Baş naziri Sanae Takaiçi açıqlayıb.
O bildirib ki, zərərçəkənlərlə bağlı rəqəmlər hazırda dəqiqləşdirilir.
"Bununla belə, artıq yaralıların olduğu barədə məlumatlar almışıq. Bəzi bölgələrdə yanğınlar baş verib, işıqlar sönüb, yolların və körpülərin zədələnməsi, eləcə də binaların çökməsi faktları təsdiqlənib", - deyə hökumət rəhbəri qeyd edib.
7.1 ballıq yeraltı təkanlar Kumamoto prefekturası ərazisində qeydə alınıb.
Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto prefekturasında 7.1 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə NHK telekanalı ölkənin Baş Meteorologiya Agentliyinə istinadən məlumat yayıb.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 11:27-də qeydə alınıb.
Zəlzələnin episentri təxminən 10 kilometr dərinlikdə yerləşib.
Bəzi sahil əraziləri üçün sunami təhlükəsi elan olunub.
İtki və dağıntı barədə məlumat verilməyib.