Yaponiyanın Aiti prefekturasında ardıcıl ikinci gündür ki, şiddətli leysan yağışları davam edir. Naqoya şəhərində yağıntıların saatda 104.5 mm olmaqla rekord həddə çatdığı qeydə alınıb.
Oxu.Az xəbər verir ki, "Yomiuri" nəşrinin məlumatına görə, yerli hakimiyyət orqanları 2 milyon sakinin təxliyəsini həyata keçirir.
Şəhərin izdihamlı mərkəzi olan Sakae rayonunda yollar su altında qalıb, suyun səviyyəsi dizə qədər qalxıb. Pik saatlarda qatarların, avtobusların və digər ictimai nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb. O cümlədən Naqoya bələdiyyə metrosu fəaliyyətini dayandırıb. Evlərinə qayıda bilməyən vətəndaşlar üçün Naqoya vağzalı yaxınlığında və bir sıra digər ərazilərdə müvəqqəti sığınacaqlar yaradılıb.
Yaponiya meteorologiya xidməti Şonay çayı ilə əlaqədar "beşinci dərəcəli xüsusi daşqın xəbərdarlığı" elan edib. Tübu Regional İnkişaf Bürosunun məlumatına əsasən, prefektura hökumətinin nəzarətində olan 15 yeraltı keçiddən ikisini su basıb. Hələlik xəsarət alanlar barədə heç bir məlumat verilməyib.